Azərbaycan da İran reyslərini dayandırdı – Tehrandan ilk reaksiya

İran rəsmisi ölkənin aviaşirkətlərinə qarşı regionda tətbiq olunan məhdudiyyətlərin uzunmüddətli ola bilməyəcəyini bildirib.

Referans Media  xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun baş direktor müavini Əlirza Xoda Qolipur APRI Forum 2026 çərçivəsində verdiyi müsahibədə deyib.

Bildirilib ki, İranın aviasiya sektoruna qarşı ABŞ-nin yeni sanksiyalarından sonra İran aviaşirkətlərinin bir sıra beynəlxalq reysləri kütləvi şəkildə ləğv olunub. Sentyabrın 24-də Birləşmiş Ərəb Əmirlikləri İran aviadaşıyıcılarının ölkəyə və ölkədən bütün uçuşlarını növbəti qəraradək dayandırıb. Oxşar məhdudiyyətlər Omanda da tətbiq olunub, Azərbaycan və Gürcüstan istiqamətində də reyslər ləğv edilib.

Qolipur bunu ABŞ-nin İrana iqtisadi təzyiqinin bir hissəsi adlandırıb:

“Əlbəttə, bu, son dövrlərdə ABŞ prezidenti tərəfindən İrana göstərilən iqtisadi təzyiqin yalnız bir hissəsidir. Ancaq bildiyiniz kimi, biz dörd onillikdən artıqdır bu cür sanksiyalar altındayıq və bunun da öhdəsindən gəlməyin yollarını tapacağıq”.

Onun sözlərinə görə, belə siyasət uzunmüddətli perspektivdə davamlı deyil. Qolipur İranın Yaxın Şərqdə mühüm rol oynadığını və əsas regional məsələlərin həllindən kənarda saxlanılmasının mümkün olmadığını bildirib.

Ermənistanla münasibətlərə toxunan İran rəsmisi iki ölkə arasındakı 44 kilometrlik sərhədin Tehran üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.

“Bu, yalnız Tehran üçün deyil, bəlkə də Ermənistan üçün daha vacibdir, çünki İran daha böyük ölkədir. Belə qarşılıqlı fəaliyyət hər iki tərəf üçün lazımdır”, – Qolipur deyib.

Tehran eyni zamanda İranla Cənubi Qafqaz arasında nəqliyyat əlaqələrinin, o cümlədən “Fars körfəzi – Qara dəniz” dəhlizinin inkişafında maraqlıdır. Layihənin Fars körfəzi və Hind okeanını Cənubi Qafqaz, Türkiyə, Qara dəniz, Rusiya və Avropa ilə birləşdirməsi nəzərdə tutulur.

Qolipur bildirib ki, İran ərazisində bu nəqliyyat dəhlizinin son hissəsinin tamamlanması istiqamətində fəal iş aparılır. Həmin hissənin nisbətən qısa olduğunu deyən İran rəsmisi onun yaxın zamanda istifadəyə veriləcəyinə ümid etdiklərini açıqlayıb.

O, Hörmüz boğazından tranzitlə bağlı çətinliklər fonunda quru marşrutlarının İranla region ölkələri arasında mühüm əlaqələndirici rol oynaya biləcəyini də qeyd edib.

Qolipurun sözlərinə görə, İran uzun illərdir nəqliyyat, o cümlədən dəmir yolu infrastrukturunu inkişaf etdirir. İran şəbəkəsinin Cənubi Qafqazın nəqliyyat və dəmir yolu kommunikasiyaları ilə birləşdirilməsi bütün regionun iqtisadi inkişafına töhfə verə bilər.

İran rəsmisi Zəngəzur dəhlizi ilə bağlı Tehranın təhlükəsizlik narahatlıqlarının da qaldığını bildirib. Onun sözlərinə görə, İran bu layihəyə yalnız logistika məsələsi kimi yanaşmır və infrastruktur layihələrinin həyata keçirilməsi zamanı region ölkələrinin iqtisadi inkişaf məqsədləri ilə təhlükəsizlik maraqları arasında balans qorunmalıdır./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki