“Biz Azərbaycanın təşəbbüsü ilə başlanmış sülh gündəliyini irəliyə apardıqca, bütün regionumuz sabitlik, bağlantı və konkret iqtisadi dividendlərin perspektivli dayaq nöqtəsinə çevrilir”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
“Bu prosesin geridönməzliyini təmin etmək məqsədilə, artıq paraflanmış ikitərəfli sazişin imzalanması vasitəsilə normallaşma prosesinin yekunlaşdırılmasına şərait yaratmaq üçün yerdə qalan maneənin aradan qaldırılması həlledici dərəcədə zəruridir.
Regional normallaşma prosesi ilə yanaşı, Azərbaycanın münaqişədən sonrakı bərpa gündəliyi nəticə etibarilə yüz minlərlə azərbaycanlının öz evlərinə təhlükəsiz və ləyaqətli qayıdış hüququnu həyata keçirə bilməsini qarşıya məqsəd qoyub.
Hökumət tərəfindən həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri sayəsində azad edilmiş ərazilərimizə həyat qayıdır. Azərbaycan bütöv regionu yaşıl texnologiyalardan enerji alan “ağıllı şəhərlər” və “ağıllı kəndlər” vasitəsilə yenidən qurur. Bir zamanlar xarabalıq və külə çevrilmiş ərazilər bu gün müasir yaşayış məntəqələri kimi dirçəlir. Bu gün 90 mindən çox insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır və işləyir”, - nazir qeyd edib.
