Azərbaycanda xüsusi karantin rejiminin müddətinin yenidən uzadılması cəmiyyətdə narazılıq və sualları daha da artırıb. Pandemiyanın başa çatdığının elan olunmasından, kütləvi tədbirlərin sərbəst keçirilməsindən, təhsil və xidmət sahələrinin normal fəaliyyətə qayıtmasından illər keçməsinə baxmayaraq, quru sərhədlərin bağlı qalması hələ də karantin rejimi ilə əsaslandırılır. Bu isə ictimaiyyətdə ciddi ziddiyyətli vəziyyət yaradır. Bir tərəfdən insanların gündəlik həyatında koronavirusla bağlı demək olar ki, heç bir məhdudiyyət qalmayıb, digər tərəfdən isə ölkəyə giriş-çıxış imkanları fövqəladə dövrün qaydaları ilə tənzimlənməkdə davam edir.
Müşahidəçilər hesab edirlər ki, əgər sərhədlərin bağlı saxlanılması təhlükəsizlik səbəblərindən qaynaqlanırsa, bunun karantin rejimi ilə əlaqələndirilməsi düzgün deyil. Əksinə, əgər səbəb həqiqətən epidemioloji risklərdirsə, o zaman cəmiyyətə konkret statistik göstəricilər və çıxış strategiyası təqdim edilməlidir. İllərdir eyni qərarın təkrarlanması fonunda vətəndaşların cavab gözlədiyi əsas sual dəyişmir: karantin rejimi hansı meyarlar əsasında uzadılır və bu vəziyyət nə vaxta qədər davam edəcək?
Referans Media xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, hazırkı mərhələdə karantin rejiminin uzadılması birbaşa sərhədlərin bağlı saxlanılması ilə əlaqəlidir.
Onun sözlərinə görə, artıq cəmiyyətdə koronavirusla bağlı ciddi məhdudiyyətlər qalmayıb:
“Cəmiyyət bilir ki, karantin rejiminin uzadılması məhz sərhədlərin bağlı saxlanılması üçündür. Əks halda karantinin hansı elementləri qalıb? Kütləvi tədbirlər keçirilir, toylar təşkil olunur, insanlar maska taxmır. Koronavirus təhlükəsi artıq yoxdur. İnsanlarda immunitet formalaşıb”.
Tural Abbaslı qeyd edib ki, hakimiyyət sərhədlərin bağlı saxlanılması ilə bağlı səbəbləri dəqiq şəkildə izah etməlidir:
“Bir tərəfdən deyilir ki, sərhədlərin bağlı qalması regional təhlükəsizlik amilləri ilə bağlıdır. Digər tərəfdən isə hər üç aydan bir karantin rejimi uzadılaraq bunun guya koronavirus təhlükəsi ilə əlaqədar olduğu göstərilir. Hakimiyyət dəqiqlik gətirməlidir: sərhədlər təhlükəsizlik səbəbindən bağlı saxlanılır, yoxsa bunun əsas səbəbi pandemiya riskidir?”
Partiya sədri hesab edir ki, sərhədlərin bağlı saxlanılması üçün əsas yoxdur:
“Hətta koronavirus təhlükəsi mövcud olsa belə, sərhədlərin bağlı qalmasının mənası yoxdur. Təhlükəsizlik arqumenti də inandırıcı görünmür. Çünki hava məkanı açıqdır, insanlar təyyarə ilə gedib-gələ bilirlər. Eyni zamanda Gürcüstanla dəmir yolu əlaqəsi də bərpa olunub.
Təyyarə biletləri kifayət qədər bahadır. Bu vəziyyət müəyyən biznes qruplarının daha çox gəlir əldə etməsinə şərait yaradır. Pandemiya ilə bağlı arqumentlər artıq gündəmdən çıxarılmalıdır. Dünyada bizdən başqa hələ də koronavirus mövzusunu bu şəkildə gündəmdə saxlayan ikinci dövlət yoxdur. Bu, düzgün yanaşma deyil”.
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti hökumətin qərarı ilə mütəmadi olaraq uzadılır. Bununla yanaşı, ölkənin quru sərhədləri də bağlı qalmaqda davam edir.
