Nazirlər Kabineti “Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib.
Referans Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qaydalar paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə və mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qeyri-kommersiya hüquqi şəxslərə tətbiq edilən dövlət dəstəyi mexanizmlərinə şamil edilmir.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstəklərin səmərəliliyinin qiymətləndirilməsi qeyd olunan qurumların daxili qaydalarına uyğun olaraq aparılır.
X X X
Nazirlər Kabineti (NK) “Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən daxili nəzarət sisteminin qurulması və mümkün vergi riskləri barədə məlumatın, həmin risklərə nəzarət prosedurunun vergi orqanına təqdim edilməsi Qaydaları”nı təsdiq edib.
Referans Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Xatırladaq ki, üfüqi monitorinq bu ildən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən həyata keçirilir. Monitorinqin predmeti vergilərin bu Məcəlləyə uyğun olaraq düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarətdən ibarətdir. Transfer qiymətlərinin tətbiqi və xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və xaricdən əldə olunan gəlirlər üzrə müvafiq məlumatların araşdırılması digər vergi nəzarəti tədbirləri ilə aparılır və üfüqi monitorinqlə əhatə edilmir.
Həmçinin üfüqi monitorinqin əhatə etdiyi dövr təqvim ili hesab olunur və başladığı tarixdən əvvəlki bir təqvim ilini əhatə edir. Üfüqi monitorinq bu Məcəllədə göstərilən vaxtda başlayır və 6 aydan gec olmayaraq başa çatır. Əlavə araşdırma tələb edildiyi halda üfüqi monitorinqin keçirilməsi müddəti vergi orqanının qərarına əsasən iki aya qədər uzadıla bilər.
