Belçikada həddindən artıq istilərə görə qırmızı həyəcan siqnalı verildi

Belçikada təsirini davam etdirən güclü isti hava dalğası səbəbindən Liej və Limburg şəhərlərində sabah üçün ən yüksək səviyyəli – qırmızı həyəcan siqnalı elan olunub.

Belçika Kral Meteorologiya İnstitutu (IRM) iyunun 26-da ölkənin şərqində havanın temperaturunun 40 dərəcəyə çatmasının gözlənildiyini açıqlayıb.

Məlumata görə, həddindən artıq istilərə görə Liej və Limburgda cümə günü ərzində qırmızı xəbərdarlıq qüvvədə olacaq. Ölkənin digər bölgələrində isə ən azı şənbə gününədək narıncı xəbərdarlığın davam edəcəyi bildirilib.

Qırmızı xəbərdarlıq çərçivəsində bələdiyyələr və səhiyyə qurumları isti hava ilə bağlı fəaliyyət planlarını işə salıb. Yaşlı və tək yaşayan şəxslərin vəziyyətinin yoxlanılması, qocalar evlərində əlavə tədbirlərin görülməsi, açıq havada çalışanların qorunması və vətəndaşların günün ən isti saatlarında çölə çıxmaması ilə bağlı çağırışlar edilir.

Belçika üzrə bu gün havanın temperaturunun 33-38 dərəcə arasında dəyişəcəyi proqnozlaşdırılır.

Ölkənin böyük şəhərlərində gecə temperaturu da qeyri-adi dərəcədə yüksəkdir. Belə ki, səhər tezdən belə temperatur 25-27 dərəcədən aşağı düşmür.

İsti hava səbəbindən bəzi məktəb və uşaq bağçalarında iş saatları yenidən tənzimlənib, dəmir yolu nəqliyyatında isə müəyyən gecikmələr və problemlər yaranıb.

Bundan əlavə, Brüsselin Ukkel bələdiyyəsində iyunun 24-də 34 dərəcə temperatur qeydə alınıb ki, bu da 1976-cı ilə aid rekordun yenilənməsi deməkdir.

Meteoroloqlar yaxın günlərdə temperaturun daha da yüksələcəyini, iyun ayı üzrə yeni istilik rekordlarının qırıla biləcəyini və ölkə tarixinin ən isti iyun günü, ən isti gecəsi və ən isti həftəsinin yaşana biləcəyini bildirirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki