Milli Məclisin deputatı Kamal Cəfərov sənədsiz evlərlə bağlı amnistiya elan olunmasını və müəyyən şərtlərlə bu evlərə çıxarış verilməsini təklif edib.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, bu məsələ ilə bağlı təkliflər uzun müddətdir səsləndirilir və təşəbbüs təqdirəlayiqdir.
Onun sözlərinə görə, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti də əvvəllər sənədsiz evlərlə bağlı amnistiya tətbiq olunmasının vacibliyini dəfələrlə ictimaiyyətin və dövlət qurumlarının diqqətinə çatdırıb:
“Gənc millət vəkilinin bu təşəbbüsü təqdirəlayiqdir. Bu, uzun müddətdir müzakirə olunan fikirlərin Milli Məclisdə səsləndirilməsinin nümunəsidir. Məsələ kifayət qədər aktualdır və həll olunması vacibdir”.
Ekspert qeyd edib ki, təklifdə bəzi nüanslar da mövcuddur:
“Üçfaizlik ödəniş məsələsi sosial ədalət prinsiplərinə tam uyğun olmaya bilər. İnsanlar illərlə çalışaraq əmlak əldə ediblər və onların qeydiyyatı üçün yalnız dövlət rüsumlarını ödəmələri daha məqsədəuyğun olar. İşsiz və ya aşağı gəlirli vətəndaşların mülkiyyət hüququnun tanınması onların konstitusion hüququdur”.
Vüqar Orucun sözlərinə görə, sənədsiz evlərin rəsmiləşdirilməsi ölkə iqtisadiyyatına ciddi töhfə verə bilər:
“Əgər 500 mindən artıq sənədsiz əmlakın mülkiyyət hüququ təsbit olunarsa, bu, audit bazarına, qiymətləndirmə sektoruna, bank sisteminə və ümumilikdə iqtisadiyyata böyük təsir göstərəcək. İqtisadi aktivlik artacaq”.
O bildirib ki, qeydiyyata alınmış əmlakların alqı-satqısı, vərəsəlik hüququnun təmin olunması və digər hüquqi əməliyyatların aparılması daha asan olacaq:
“Bu evlər sənədləşdikdən sonra daşınmaz əmlak bazarında aktivlik artacaq. Eyni zamanda həmin evlər girov qoyula biləcək və iqtisadi dövriyyənin bir hissəsinə çevriləcək”.
Ekspert vurğulayıb ki, bu proses bank sektoruna da müsbət təsir göstərəcək:
“Girov bazası genişlənəcək, banklara müraciət edənlərin sayı artacaq, yeni biznes layihələrinin maliyyələşdirilməsi üçün imkanlar yaranacaq”.
Vüqar Oruc hesab edir ki, sənədsiz evlərin rəsmiləşdirilməsi əmlak reyestrinin formalaşmasına da ciddi töhfə verəcək:
“Azərbaycan müstəqillik əldə etdikdən sonra əmlak reyestrinin tam formalaşdırılması istiqamətində işlər aparılıb. Bu sənədləşmə prosesi həmin sistemin daha da təkmilləşməsinə imkan verəcək. Dövlət qurumları ölkədə hansı əmlakın harada yerləşdiyini və necə istifadə olunduğunu daha dəqiq müəyyənləşdirə biləcəklər”.
Onun sözlərinə görə, proses dövlət büdcəsinə əlavə vergi daxilolmalarının artmasına da şərait yaradacaq:
“Minlərlə yeni vergiödəyicisi sistemə daxil olacaq. Bu isə dövlət büdcəsinin gəlirlərinin artmasına müsbət təsir göstərəcək”.
Ekspert əlavə edib ki, sənədsiz evlərin rəsmiləşdirilməsi sığorta, audit və bank sektorları üçün də yeni imkanlar açacaq:
“500 min sənədsiz ev faktiki olaraq həmin sektorlar üçün 500 min potensial müştəri deməkdir. Bu baxımdan proses çox ciddi iqtisadi əhəmiyyət daşıyır”.
Bununla yanaşı, Vüqar Oruc qeyd edib ki, bütün qanunsuz tikililərin sənədləşdirilməsi mümkün deyil:
“Yüksək gərginlikli elektrik xətlərinin altında, kommunikasiya xətlərinin üzərində, strateji obyektlərin yaxınlığında, magistral yolların kənarında və təhlükə yaradan digər ərazilərdə yerləşən evlər istisna təşkil etməlidir. Lakin şəhərsalma prinsiplərinə və dövlət təhlükəsizliyinə zidd olmayan, sadəcə vaxtında sənədləşdirilməmiş evlər mütləq rəsmiləşdirilməlidir”.
Ekspertin fikrincə, bu problemin həlli vətəndaşların mülkiyyət hüquqlarının təmin olunmasına və iqtisadi aktivliyin genişlənməsinə mühüm töhfə verə bilər.
Gülnaz Abdullazadə
