"Qalatasaray"ın yeni transfer HƏDƏFİ BƏLLİ OLDU: Yanvarda ilk addım atılır

Türkiyənin nəhəng klublarından "Qalatasaray"ın İngiltərənin “Liverpul” klubunda çıxış edən Virgil van Deyki yenidən gündəminə aldığı iddia edilib. Sarı-qırmızılıların 35 yaşlı müdafiəçi üçün yanvar transfer pəncərəsində ilk rəsmi addımı atmağı planlaşdırdığı bildirilir.

Referans Media xəbər verir ki, "Qalatasaray" rəhbərliyi mövsümün sonunda “Liverpul”la müqaviləsi başa çatacaq Virgil van Deyk üçün qış transfer dövründə hərəkətə keçmək niyyətindədir.

Sarı-qırmızılıların əsas planının yanvarda İngiltərə klubunun qapısını döyərək transferi həmin dövrdə reallaşdırmaq olduğu qeyd olunur.

“Liverpul”un Virgil van Deyki mövsümün ortasında buraxmaq istəməməsi halında "Qalatasaray"ın transferi mövsümün sonuna qədər təxirə salacağı iddia edilir.

Müdafiəçinin müqaviləsinin son ilində olması isə İstanbul təmsilçisinin əlini gücləndirən amillərdən biri kimi göstərilir. İddiaya görə, Virgil van Deyk yanvar ayından etibarən başqa klublarla növbəti mövsüm üçün ön müqavilə imzalamaq imkanına sahib olacaq.

35 yaşlı niderlandlı müdafiəçi yaşına baxmayaraq, “Liverpul”un əsas oyunçularından biri olaraq qalır.

Virgil van Deyk bu mövsüm İngiltərə klubunun heyətində keçirdiyi 6 rəsmi qarşılaşmanın hamısında 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Virgil van Deykin "Qalatasaray"a transferi ilə bağlı yayılan məlumat hazırda iddia xarakteri daşıyır. Transferin baş tutub-tutmayacağı və klublar arasında rəsmi danışıqların olub-olmadığı barədə tərəflərdən təsdiqlənmiş açıqlama verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki