Hər il avqust ayında müşahidə olunan Perseid meteor yağışı bu il də səma həvəskarlarına möhtəşəm mənzərə təqdim edəcək. İlin ən parlaq və ən aktiv meteor yağışlarından biri hesab olunan bu hadisəni izləmək istəyənlər tarix və saatlarla maraqlanırlar.
Referans MEDİA xəbər verir ki, Perseid meteor yağışı Yer kürəsinin 109P/Swift-Tuttle kometasının orbitində qalan toz və qaya hissəciklərinin arasından keçməsi nəticəsində baş verir.
Perseid meteor yağışı nə vaxt pik həddə çatacaq?
İlin ən möhtəşəm astronomik hadisələrindən biri sayılan Perseid meteor yağışı 12 avqustdan 13 avqusta keçən gecə ən yüksək aktivlik səviyyəsinə çatacaq.
Meteor axını iyulun ortalarından başlasa da, ən sıx müşahidələr məhz avqustun ortalarında qeydə alınacaq.
Azərbaycandan izləmək mümkün olacaq?
Azərbaycan da daxil olmaqla Şimal yarımkürəsində yerləşən ölkələr Perseid meteor yağışını izləmək üçün əlverişli mövqedədir.
Havanın açıq olduğu və işıq çirkliliyinin az olduğu ərazilərdə meteor yağışını heç bir xüsusi avadanlıq olmadan, çılpaq gözlə müşahidə etmək mümkün olacaq.
Mütəxəssislər ən yaxşı müşahidə üçün şəhər işıqlarından uzaq ərazilərə getməyi və gecə yarısından sonra səhərə yaxın saatlarda səmaya baxmağı tövsiyə edirlər.
