Putindən Rusiya ordusu ilə bağlı yeni qərar: Hərbçilərin sayı yenidən artırıldı

Rusiya Prezidenti Vladimir Putin ölkə ordusunun şəxsi heyətinin sayının artırılması ilə bağlı fərman imzalayıb. Yeni qərara əsasən, Rusiya Silahlı Qüvvələrinin ümumi şəxsi heyəti 27 min nəfər artırılaraq 2 milyon 426 min 130 nəfərə çatdırılıb.

Referans Media xəbər verir ki, Rusiya Dövlət Hüquqi Məlumat Sistemində yayımlanan fərmana əsasən, ordunun tərkibində 1 milyon 535 min hərbçi olacaq. Sənədin 1 avqust 2026-cı ildən qüvvəyə minəcəyi bildirilib.

Yeni tənzimləməyə görə, artımın əsas hissəsini hərbi qulluqçular təşkil edir. Belə ki, ordudakı hərbçilərin sayı 25 min nəfər artırılıb.

Putin bundan əvvəl 2026-cı ilin iyun ayında imzaladığı fərmanla Rusiya ordusunun şəxsi heyətini ümumilikdə 2 milyon 399 min 130 nəfərə, hərbçilərin sayını isə 1 milyon 510 min nəfərə çatdırmışdı.

Rusiya lideri ötən ilin sonunda açıqlamasında Ukraynadakı müharibədə 700 mindən çox rus hərbçisinin iştirak etdiyini bildirmişdi. Bundan əlavə, müqaviləli və könüllü hərbçilərin də döyüş bölgəsində xidmət etdiyi qeyd olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki