Bu ölkədə GÜCLÜ ZƏLZƏLƏ: 7,1 bal gücündə zəlzələ oldu, sunami xəbərdarlığı verildi

Yaponiyanın cənub-qərbində yerləşən Kyusyu adasının Kumamoto bölgəsində 7,1 bal gücündə güclü zəlzələ baş verib. Zəlzələdən sonra sahilyanı ərazilər üçün təhlükə siqnalı elan edilib və təxminən 1 metr hündürlüyündə sunami dalğaları ilə bağlı xəbərdarlıq verilib.

Referans Media xəbər verir ki, Yaponiya hökuməti zəlzələdən sonra Kumamoto, Naqasaki, Kaqoşima, Fukuoka, Saqa, Oita və Miyazaki prefekturalarında fövqəladə vəziyyət rejiminə keçib.

Sahil sakinlərinə təxliyə çağırışı edildi

Yaponiya Meteorologiya Agentliyinin ilkin məlumatına görə, 7,1 bal gücündə zəlzələnin ardından bölgədə yüksək təhlükə rejimi tətbiq olunub.

NHK telekanalının məlumatına əsasən, sahil ərazilərinə çata biləcək sunami dalğalarının hündürlüyünün təxminən 1 metrə çatacağı gözlənilir.

Rəsmilər sahildə yaşayan sakinlərə dənizkənarı ərazilərdən dərhal uzaqlaşmaq, təhlükəsiz yüksəkliklərə getmək və mümkün güclü təkrar təkanlara qarşı diqqətli olmaq barədə xəbərdarlıq edib.

Axtarış-xilasetmə və qiymətləndirmə işləri davam edir

Zəlzələnin episentri olan Kyusyu adası və ətraf bölgələrdə təcili xəbərdarlıq sistemi işə salınıb. Hazırda zəlzələnin insan tələfatına və ya ciddi dağıntıya səbəb olub-olmadığı barədə rəsmi məlumat açıqlanmayıb.

Xilasetmə qrupları mümkün zərərlərin müəyyənləşdirilməsi və ərazidə vəziyyətin qiymətləndirilməsi üçün işlərini davam etdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki