Yaponiyanın cənub-qərbində yerləşən Kyuşu adasında 7,1 bal gücündə güclü zəlzələ baş verib. Zəlzələdən sonra sahilyanı ərazilər üçün sunami xəbərdarlığı elan olunub.
Referans MEDİA xəbər verir ki, yeraltı təkanların episentri Kumamoto prefekturasında qeydə alınıb.
Yaponiya Meteorologiya Agentliyinin ilkin qiymətləndirməsinə əsasən, zəlzələdən dərhal sonra fövqəladə xəbərdarlıq sistemi işə salınıb.
Yaponiyanın NHK ictimai yayımçısının məlumatına görə, sahil ərazilərinə çata biləcək sunami dalğalarının hündürlüyünün təxminən 1 metr olacağı gözlənilir.
Səlahiyyətli qurumlar sahilboyu yaşayan sakinlərə dənizdən dərhal uzaqlaşmağı, yüksək və təhlükəsiz ərazilərə təxliyə olunmağı, həmçinin mümkün afterşoklara qarşı ehtiyatlı olmağı tövsiyə ediblər.
Yaponiya hökuməti zəlzələdən sonra Kumamoto, Naqasaki, Kaqoşima, Fukuoka, Saqa, Oita və Miyazaki prefekturalarında fövqəladə vəziyyət rejimi çərçivəsində xəbərdarlıq elan edib.
Hazırda zəlzələ nəticəsində ölən və ya xəsarət alanların olub-olmaması, eləcə də infrastrukturda dağıntılar barədə rəsmi məlumat verilməyib. Bölgədə axtarış-xilasetmə və zərərin qiymətləndirilməsi işləri davam etdirilir.
