Türkiyənin "Fənərbaxça" klubu heyətini daha bir dünya səviyyəli futbolçu ilə gücləndirmək üçün hərəkətə keçib. İstanbul təmsilçisinin hədəfində İtaliya nəhəngi Milanın portuqaliyalı ulduzu Rafael Leao var.
Referans Media xəbər verir ki, "Fənərbaxça" İdarə Heyətinin üzvü Cihan Kamer transfer danışıqlarını şəxsən aparmaq üçün İtaliyanın Milan şəhərinə yollanıb. İddialara əsasən, sarı-lacivərdlilər Rafael Leao üçün "Milan"a 45 milyon avro transfer təklifi etməyə hazırlaşır. Milanda keçiriləcək görüşlərdə klub rəsmiləri arasında danışıqların aparılacağı və yaxın saatlarda təmasların intensivləşəcəyi bildirilir.
Əgər "Fənərbaxça" Rafael Leao transferini 45 milyon avro qarşılığında reallaşdıra bilsə, portuqaliyalı futbolçu klub tarixinin ən bahalı transferi olacaq. Sarı-lacivərdlilər yay transfer dönəmində artıq Meyson Qrinvud, Natan Ake və Vedat Muriqi kimi tanınmış futbolçuları heyətinə qataraq böyük səs-küy yaradıb.
27 yaşlı Rafael Leao "Milan"la 2028-ci il iyunun 30-dək müqaviləyə malikdir. Portuqaliya millisinin üzvü ötən mövsüm keçirdiyi 31 rəsmi oyunda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun bazar dəyəri təxminən 50 milyon avro qiymətləndirilir və onun İtaliya klubundan ayrılmasının mümkün olduğu qeyd olunur.
