Türkiyənin ən isti şəhərlərindən biri olan Şanlıurfada havanın temperaturu 48 dərəcəyə yüksəlib. Mövsüm normallarını xeyli üstələyən isti hava gündəlik həyata mənfi təsir göstərib, küçələr isə demək olar ki, boş qalıb.
Referans Media xəbər verir ki, günün ən isti saatlarında çölə çıxan azsaylı sakinlər sərinləmək üçün parklarda, kölgəlik ərazilərdə və çeşmə kənarlarında vaxt keçirməyə çalışıblar. Bəziləri bol su içərək, digərləri isə papaqdan istifadə edərək günvurmadan qorunmağa çalışıb.
Şəhər sakini Mustafa Açıkgöz bildirib ki, havanın həddindən artıq isti olması səbəbindən zəruri hallar istisna olmaqla evdən çıxmır.
Qaziantepdə də güclü istilər səbəbindən şəhərin əsas küçə və prospektlərində hərəkətlilik xeyli azalıb. Sakinlər əsasən parkların kölgəlik hissələrinə və qapalı məkanlara üz tutublar.
40 dərəcə isti şəraitində manqal başında çalışan kabab ustası Doğan Gündeş bildirib ki, açıq havada temperatur 40 dərəcə olsa da, ocağın qarşısında bunu təxminən 60 dərəcə kimi hiss edirlər.
Kahramanmaraşda termometrlər 35 dərəcə, Kilisdə isə 34 dərəcə göstərib. Hər iki şəhərdə insanlar əsasən parklara, kölgəlik ərazilərə və ticarət mərkəzlərinə üz tutaraq istidən qorunmağa çalışıblar.
Mütəxəssislər günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağı, bol maye qəbul etməyi və birbaşa günəş şüalarından uzaq durmağı tövsiyə edirlər.
