İraqın yeni Baş naziri Əli əz-Zeydi vəzifəyə gəldikdən sonra həyata keçirdiyi mühüm xarici səfərləri davam etdirir. ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə görüşən və daha sonra İrana rəsmi səfər edən Zeydi bu dəfə Türkiyəyə gəlir.
Referans Media xəbər verir ki, İraq Baş naziri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Ankaraya səfər edəcək.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib ki, səfər çərçivəsində iki ölkə arasındakı münasibətlərin bütün istiqamətləri nəzərdən keçiriləcək.
Görüşlərdə əsas müzakirə mövzularının təhlükəsizlik, ticarət, enerji, nəqliyyat və su idarəçiliyi sahələri olacağı gözlənilir. Bundan əlavə, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Əli əz-Zeydi baş nazir vəzifəsinə başladıqdan sonra bir sıra mühüm diplomatik təmaslar həyata keçirib. O, əvvəlcə ABŞ Prezidenti Donald Tramp tərəfindən Ağ Evdə qəbul edilib, daha sonra İrana rəsmi səfər edib.
Türkiyəyə səfərin isə Ankara-Bağdad münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirildiyi bildirilir.
