Son zamanlar beynəlxalq siyasi arenada İranda Azərbaycanla əlaqələrə dair ikili yanaşmaların mövcud olduğu barədə müxtəlif fikirlər gündəmə gətirilir. Buna baxmayaraq, Prezident Məsud Pezeşkian və Tehran hökumətinin Bakı ilə münasibətlərin normallaşmasına maraqlı olduğu müşahidə edilir.
Lakin paralel olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və radikal mühafizəkar qanadın iki ölkə arasında yaxınlaşmaya qarşı olduğu yönündə iddialar da ortaya atılır.
İranda Azərbaycana münasibətdə fərqli fikir ayrılıqlarının olması nə dərəcədə həqiqətə uyğundur? Ümumiyyətlə, buna səbəb nədir?
Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, İranda prezident seçkilərindən sonra formalaşan yeni siyasi konfiqurasiya region ölkələrinin, xüsusilə Azərbaycanın diqqət mərkəzindədir:
“Məsud Pezeşkianın prezident seçilməsindən sonra İranın xarici siyasətində, əsasən Bakı ilə münasibətlərdə mülayim mesajların verilməsi müşahidə edilir. Lakin paralel olaraq SEPAH və mühafizəkar dairələrin ritorikasında və praktiki addımlarında fərqli, daha sərt və nəzarətçi yanaşma qalmaqdadır. Bu, sadəcə siyasi təəssürat deyil, reallıqdır və İranın institusional strukturundan qaynaqlanır.
İran dövləti klassik mənada vahid mərkəzdən idarə olunan bir sistem deyil. Xarici siyasətin rəsmi çərçivəsini prezident və ona tabe olan hökumət aparatı müəyyən etsə də, xüsusilə regional təhlükəsizlik və strateji münasibətlər sahəsində son sözü ali dini lider və ona bağlı SEPAH deyir. Belə bir dualizm Azərbaycanla münasibətlərdə də aydın şəkildə sezilir”.
Politoloqun sözlərinə görə, Məsud Pezeşkian və komandası Azərbaycanla münasibətlərin normallaşmasını önə çəkir:
“Bunu həm regionda sabitliyin təminatı üçün, həm də iqtisadi maraqlar kontekstində zəruri sayırlar. Pezeşkian öz çıxışlarında dəfələrlə mehriban qonşuluq münasibətlərini, əməkdaşlığı və gərginliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb. Bu yanaşma Azərbaycan tərəfinin də diqqətini cəlb edir və konstruktiv dialoqun qurulmasına ümid yaradır.
Lakin eyni zamanda SEPAH-a yaxın media orqanlarında Bakı əleyhinə ritorika davam etdirilir, sərhəd yaxınlığında hərbi təlimlər keçirilir. O cümlədən, son aylarda SEPAH-la əlaqəli olduğu iddia edilən casus şəbəkələrinin Azərbaycanda ifşası ictimaiyyətdə yeni suallar doğurur. Bu da onu göstərir ki, İranın daxili siyasətində Azərbaycanla bağlı vahid yanaşma yoxdur, əksinə, rəqabət və qarşılıqlı nəzarət formatında bir münasibət xətti formalaşıb”.
R.Tağızadə bildirib ki, bunun daha dərin səbəbləri var:
“Tehran Bakının yüksələn regional mövqeyindən və Ankara ilə yaxınlığından narahatdır. Eyni zamanda İsrail-Azərbaycan əməkdaşlığı İran üçün strateji təhdid kimi dəyərləndirilir. Həmçinin o ölkədə yaşayan 30 milyondan çox azərbaycanlının milli kimlik və mədəni hüquqlar məsələsi də SEPAH-ın “ideoloji təhlükə” anlayışında mühüm yer tutur.
Belə bir vəziyyətdə Pezeşkian hökumətinin səyləri hər nə qədər konstruktiv olsa da, sistem daxilində sabit təsir gücünə malik deyil. İranın daxili siyasi strukturu şəffaf və demokratik olmadığı üçün bu ziddiyyətlər gizli çəkişmələr şəklində davam edir. Bir tərəf diplomatiya yolu ilə münasibətləri yumşaltmağa çalışarkən, digər tərəf mövcud olan şübhə və qorxularla sərtlik siyasətini qoruyur”.
Politoloq Azərbaycanın bu ziddiyyətli mənzərəni diqqətlə müşahidə etdiyini söyləyib:
“Rəsmi Bakı açıq qarşıdurmadan qaçaraq, Tehranla münasibətlərdə institusional kanalları saxlayır, mümkün qədər texniki və diplomatik səviyyədə əməkdaşlığı davam etdirməyə çalışır. Lakin bu siyasət həm də ehtiyatlı və mərhələli xarakter daşıyır. Çünki İranın daxili dinamikasındakı dəyişkənlik hər an gərginliyi yenidən alovlandıra bilər. Nəticə etibarilə, Tehranın Bakı ilə bağlı siyasəti vahid deyil. Pezeşkian və onun hökuməti daha açıq və müasir münasibətlər qurmaq istəsə də, SEPAH və dini elita bu prosesə dərin inamsızlıqla yanaşır. Mövcud ikili yanaşma dəyişmədiyi təqdirdə, Azərbaycan–İran münasibətlərində uzunmüddətli sabitlik ehtimalı zəifdir. Hazırkı mərhələdə tərəflər arasında yalnız məhdud etimad və ehtiyatlı əməkdaşlıq mümkündür”.