Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə əlaqədar paytaxt məktəblərində tədris prosesinin təşkili ilə bağlı yeni qaydalar açıqlanıb. 18–22 may 2026-cı il tarixlərini əhatə edən dövrdə bəzi siniflər üçün tətil tətbiq olunacaq, digər şagirdlər isə distant təhsilə keçəcəklər. Onlayn dərslərin hansı platforma üzərindən keçiriləcəyi, iştirak qaydaları və məktəbli formasının məcburi olub-olmaması ilə bağlı məsələlər də dəqiqləşib.
Referans Media-ya açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, Elm və Təhsil Nazirliyinin əmrinə əsasən, WUF13 dövründə təhsil müəssisələrinin fəaliyyəti yenidən tənzimlənəcək.
Onun sözlərinə görə, ibtidai siniflər üçün həmin müddətdə tətil elan olunub, V–XI sinif şagirdləri üçün isə dərslər tam distant formada təşkil ediləcək.
İlqar Orucov qeyd edib ki, onlayn dərslər rəsmi olaraq “Rəqəmsal məktəb” platforması üzərindən həyata keçiriləcək. Müəllimlər dərslərin təşkili və idarə olunması üçün şəxsi kabinetləri vasitəsilə Microsoft Teams alətlərindən istifadə edəcəklər.
Ekspert bildirib ki, şagirdlər dərslərə qoşulmaq üçün lazım olan keçid linklərini və tədris materiallarını “Rəqəmsal məktəb” platformasındakı şəxsi kabinetlərindən əldə edə biləcəklər.
O əlavə edib ki, distant təhsil zamanı şagirdlərin məktəbli forması geyinməsi məcburi olmayacaq:
“Şagirdlərin ev şəraitindən qoşulduğu nəzərə alınaraq xüsusi məktəb forması tələbi qoyulmur. Bununla belə, dərslərə səliqəli və etik normalara uyğun şəkildə qoşulmaları tövsiyə edilir”.
İlqar Orucov vurğulayıb ki, onlayn dərslərdə iştirak məcburidir və şagirdlərin platformaya giriş-çıxış vaxtları, eləcə də dərsdə aktivliyi Microsoft Teams sistemi vasitəsilə avtomatik qeydə alınacaq və elektron jurnalda əks olunacaq.
Onun sözlərinə görə, dərs prosesinin daha effektiv təşkili üçün müəllimlərin tələbi əsasında şagirdlərin kameralarının açıq saxlanılması, mikrofonun isə yalnız cavab verilərkən aktiv edilməsi qaydası tətbiq olunacaq.
Ekspert qeyd edib ki, bu qaydalar Bakının əksər rayonlarını əhatə edir. Lakin Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonlarında yerləşən məktəblər fəaliyyətini adi qaydada davam etdirəcək.
Gülnaz Abdullazadə
