Bakı metrosu ilə bağlı böyük dəyişiklik – Yeni detallar üzə çıxdı

Bakı metrosunun genişləndirilməsi məsələsi yenidən gündəmə gəlib. Rəsmi açıqlamaya görə, 2030-cu ilədək paytaxtda 9 yeni metro stansiyasının tikilməsi planlaşdırılır və layihələndirmə işləri artıq başa çatıb. Lakin bu vəd sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər diqqəti bir məqama yönəldirlər. Bildirilir ki, 1993-cü ildən bu günədək cəmi 7 yeni metro stansiyası istifadəyə verilib. İndi isə təxminən 4 il ərzində 9 yeni stansiyanın tikilməsi nəzərdə tutulur. Bu isə bir çox vətəndaşa real görünmür.

4 il ərzində 9 metro stansiyasının tikilməsi mümkündürmü?

Referans Media bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, müasir texnologiyalardan istifadə etməklə bu sayda metro stansiyasının tikilməsi mümkündür:

“Burada əsas məqam maliyyələşmə məsələsidir. Layihənin dövlət vəsaiti hesabına, yoxsa bank kreditləri ilə həyata keçirilməsinə diqqət yetirmək lazımdır. Əgər maliyyələşmə bank krediti hesabına həyata keçirilirsə, bu zaman bankın müəyyən tələbləri olur. Buraya ekoloji standartlar, ətraf mühitə təsirin qiymətləndirilməsi və digər məsələlər daxildir. Bu proseslərin araşdırılması və təsdiqlənməsi də müəyyən vaxt tələb edir. Müasir texnologiyalar, xüsusilə sürətli tunelqazma maşınları vasitəsilə bu işləri həyata keçirmək mümkündür. Güman edilir ki, layihələrin icrasında xarici şirkətlər də iştirak edəcək.

Uzun müddət ərzində Bakı metrosunda tikinti tempi aşağı olub və bir neçə il ərzində cəmi bir stansiya istifadəyə verilirdi. Lakin yeni yanaşmada xətt prinsipi tətbiq olunacaq. Yəni eyni vaxtda tikinti işlərinə başlanılacaq və bir xətt üzrə bir neçə stansiya istifadəyə veriləcək. Bu məsələ dövlət proqramına daxil edilib. Müvafiq olaraq Bakı Metropoliteni kredit müqaviləsi imzalayıb. Hazırda həmin kreditin şərtlərinə uyğun olaraq tələb olunan proseslər həyata keçirilir. Yaxın illərdə yeni metro stansiyalarından istifadə edə biləcəyik”.

WhatsApp Image 2026 04 21 at 14.34.20

Rauf Ağamirzəyev

Ekspert qeyd edib ki, əsas məsələlərdən biri də mövcud metro şəbəkəsinin strukturudur:

“Hazırda Bakı metrosunda üç xətt nəzərdə tutulsa da, onlar tam müstəqil fəaliyyət göstərə bilmirdi. İki xətt eyni müstəvidə kəsişirdi və üç xəttin iki deposunun olması müəyyən texniki çətinliklər yaradırdı. Mövcud xətlərdə minimal intervalın təmin edilməsi də texniki məhdudiyyətlər səbəbindən mümkün deyildi. Yeni layihələrin həyata keçirilməsi nəticəsində sərnişin axınları bölünəcək və metro sisteminin daha səmərəli fəaliyyət göstərməsi üçün şərait yaranacaq. Bu işlər başa çatdıqdan sonra növbəti mərhələdə Bakı şəhəri üçün dairəvi, təxminən 40 kilometrlik “yaşıl xətt”in tamamlanması vacibdir. Gələn il “Dərnəgül”dən “Xətai”yə qədər fasiləsiz nəqliyyat təmin ediləcəksə, 2030-cu ilədək “Xətai”–”Həzi Aslanov” istiqamətinin, növbəti illərdə isə “Dərnəgül”–”Koroğlu”, “Bakıxanov”–”Günəşli” və “Həzi Aslanov” istiqamətlərinin əlaqələndirilməsi mühüm əhəmiyyət daşıyır. Çünki bu halda şəhərin müxtəlif nöqtələrindən həmin xəttə çıxış imkanı yaranacaq. Sərnişinlər bir xətdən digərinə daha rahat keçə biləcək və həmin xətt vasitəsilə şəhəri dairəvi şəkildə hərəkət etmək mümkün olacaq. Bu layihənin həyata keçirilməsi vacibdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki