Osimhen İkardinin 9 nömrəli formasından imtina etdi – Səbəbi məlum oldu

"Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimhen yeni mövsüm öncəsi diqqətçəkən qərarı ilə gündəmə gəlib. İddialara görə, klub rəhbərliyi Mauro İkardidən boşalan 9 nömrəli formanı ulduz futbolçuya təklif etsə də, Osimhen bu təklifdən imtina edib.

Referans Media xəbər verir ki, "Qalatasaray" rəhbərliyi üzərində "9 – Osimhen" yazılmış formanı futbolçuya təqdim edib. Lakin nigeriyalı hücumçu yeni mövsümdə də 45 nömrəli formanı geyinmək istədiyini bildirib.

Məlumata əsasən, Osimhen qərarının səbəbini rəhbərliyə belə izah edib:

"Düşünürəm ki, 9 nömrəli forma ilə daha çox satış edə bilərsiniz. Amma məni başa düşəcəyinizə inanıram. 45 nömrə "Qalatasaray"da mənə uğur gətirdi və həmin forma ilə davam etmək istəyirəm."

Bildirilir ki, klub rəhbərliyi də ulduz futbolçunun bu istəyinə hörmətlə yanaşıb və onun 45 nömrəli formanı saxlamaq qərarını qəbul edib.

Xəbərdə o da qeyd olunur ki, baş məşqçi Okan Burukun yeni mövsümdə Viktor Osimhenə kapitanlıq səlahiyyəti verməyi planlaşdırdığı iddia edilir. Abdülkərim Bardakçının meydanda olmadığı qarşılaşmalarda Kaan Ayhan, Yunus Akgün və Barış Alper Yılmazla yanaşı, Osimhenin də kapitan sarğısını taxa biləcəyi bildirilir.

Viktor Osimhen 45 nömrəli formanı ilk dəfə Belçikanın "Şarlerua" klubunda geyinib. Məhz həmin komandada vurduğu 20 qolla Avropa futbolunda diqqət çəkməyə başlayıb.

Daha sonra Fransanın "Lill" klubunda 7, İtaliyanın "Napoli" komandasında isə 9 nömrəli formanı geyinən hücumçu, "Qalatasaray"a transfer olduqdan sonra yenidən 45 nömrəyə qayıdıb. O, ötən mövsüm İstanbul təmsilçisinin heyətində 37 qol vuraraq komandanın ən məhsuldar oyunçularından biri olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki