Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır?

“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində avtonom nəqliyyat vasitələrinin tətbiqini təmin edəcək hüquqi mexanizmlərin formalaşdırılması məqsədilə qanunvericiliyə dəyişikliklər olunub.

Sənəd yerüstü nəqliyyat növlərində avtonom texnologiyaların tətbiqi üçün normativ-hüquqi və institusional əsasların yaradılmasını nəzərdə tutur.

İlk dəfə olaraq “avtonom nəqliyyat vasitəsi”, “operator” və “məsafədən idarəetmə mərkəzi” anlayışları qanunvericilikdə təsbit edilib, həmçinin yüksək və tam avtomatlaşdırılmış idarəetmə səviyyələri müəyyənləşdirilib.

Bəs sürücüsüz avtomobillərə insanlar nə qədər güvənəcək? 

Referans Media bildirir ki, övzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, burada söhbət bütün avtonəqliyyat vasitələrindən gedir.

“Pilotsuz uçuş aparatları, pilotsuz gəmilər, maşinistsiz qatarlar, həm metro qatarları, həm də adi qatarlar nəzərdə tutulur.

Ola bilər ki, gələcəkdə sürücüsüz tramvay, sürücüsüz avtobus, sürücüsüz minik avtomobilləri olsun. Qanunvericilikdə edilən son dəyişiklik onların hüquqi bazasını yaratmaq üçündür. Onların heç biri, bizdə yoxdur. 

Avtomatik idarəetmə sistemi olan, bəlkə də, Azərbaycanda tək-tək avtomobillər var. Belə avtomobillər dünyada da çox geniş istifadə olunmur. Yaponiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və Çində belə avtomobillər var.

Bunlar hamısı infrastruktura və hərəkətin mürəkkəblik dərəcəsinə bağlıdır. Dünyanın bəzi şəhərlərində maşinistsiz metro qatarları çoxdan fəaliyyət göstərir, maşinistsiz adi qatarlar da var. 

Bəzi ölkələrdə maşinistsiz gəmilər və tramvaylar da mövcuddur.Maşinistsiz avtomobillər isə bu ölkələrdə daha geniş yayılmayıb. Bu qanunvericilik əslində ona yönəlib. Bunun üçün çox ciddi işlər görülməlidir.

Bu qanun qəbul olundu deyə, sabah nəqliyyat vasitələrinin, avtobusların, yük avtomobillərinin və qatarların sürücüsüz olacağı demək deyil. Bunun üçün hələ çox ciddi işlər görülməlidir”.

Onun sözlərinə görə, ilk olaraq həmin nəqliyyat vasitələrinin çox mükəmməl idarəetmə sistemi olmalıdır:

“Avtomatlaşdırma səviyyəsi o qədər yüksək olmalıdır ki, insanın edə biləcəyi hər şeyi həyata keçirə bilsin. Məsələn, parklanma zamanı, qəza baş verərkən görülməli işlər və s. bu kimi bütün prosesləri yerinə yetirə bilməlidir.

Belə avtomobillərdə və ya avtobuslarda həmişə operator olmalı və nəzarət etməlidir. Daha sonra, əgər söhbət avtomobillərdən gedirsə, onların idarəetməsinə nəzarət mərkəzi qurulmalıdır.

Bu da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin quracağı bir mərkəz olmalıdır. İdarəetməyə nəzarət mərkəzi də onlara əlavə nəzarət edəcək: avtomobillərdən necə istifadə olunur, operatorlar nəzarəti yerinə yetirirlərmi və s.

Bu, yaxın gələcəkdə gözlənilmir, amma müəyyən müddətdən sonra ola bilər ki, hansısa metrostansiyada maşinistsiz qatar fəaliyyət göstərsin.

Təbii ki, bunun üçün əvvəlcə müvafiq infrastruktur qurulmalıdır. Məhz Bakıda tramvay xəttinin çəkilməsi də nəzərdə tutulmuşdu. Ola bilər ki, tramvay da sürücüsüz olsun. Avtomobillərlə bağlı isə yaxın aylarda biz bunu görməyəcəyik.

Bunun üçün çox ideal infrastruktur yaradılmalıdır. Həmin ideal infrastrukturu gördükdən və onların praktiki fəaliyyətinin şahidi olduqdan sonra insanlar buna alışacaqlar. Dünyanın harasında bu sistem varsa, belə də olub. İnsanlar bəzən etibar etmirlər, amma gördükdə ki, bu sistem mükəmməl işləyir, çəkinmirlər.

Cəmiyyətin belə yeniliklərə alışmasının bir alqoritmi var. Hər şey qaydasında olsa, ideal işləsə və texnoloji, praktiki baxımdan nəzərdə tutulduğu kimi fəaliyyət göstərsə, o zaman insanların onlardan çəkinməyə əsasları qalmayacaq”.

Ekspert qeyd edib ki, perspektivdə müəyyən yeniliklər gözlənilir, amma biz bunları yaxın gələcəkdə görməyəcəyik:

“Ovaxta qədər ola bilsin ki, ictimai şüurda və insanların fərdi yanaşmalarında da çox şeylər dəyişə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki