Rusiyada 11 gənc qadını qətlə yetirməkdə təqsirli bilinərək 25 il müddətinə azadlıqdan məhrum edilən və "Polytex qatili" kimi tanınan Vitali Manişinin Ukrayna cəbhəsinə göndərilməsi üçün Rusiya Müdafiə Nazirliyinə müraciət etdiyi iddia olunur.
Referans Media xəbər verir ki, Manişin həbs cəzasını cəbhədə döyüşməklə çəkmək məqsədilə hərbi müqavilə bağlamaq üçün rəsmi müraciət edib. Bildirilir ki, onun müraciətinə hələlik cavab verilməyib.
İstintaq materiallarına əsasən, Altay vilayətinin sabiq məmuru olan Vitali Manişin 1989–2000-cü illər arasında törətdiyi silsilə qətllərlə Rusiyanın ən məşhur cinayətkarlarından birinə çevrilib.
İddialara görə, o, Altay Texniki Universitetinə qəbul olmaq istəyən gənc qadınlar da daxil olmaqla ümumilikdə 11 qadına cinsi zorakılıq edib, daha sonra isə onları qətlə yetirib. Təxminən 20 il ərzində şəxsiyyəti müəyyən edilə bilməyən Manişin yalnız 2023-cü ildə saxlanılıb.
Məhkəmənin qərarı ilə o, 25 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumatlara görə, serial qatil Ukraynada davam edən müharibədə iştirak etmək üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq niyyətindədir və bu məqsədlə cəbhəyə göndərilməsini xahiş edib. Hazırda onun müraciəti ilə bağlı rəsmi qərar açıqlanmayıb.
Rusiyada Ukrayna müharibəsinin başlamasından sonra bəzi məhkumların Müdafiə Nazirliyi ilə müqavilə imzalayaraq hərbi xidmətə cəlb olunmasına imkan verən mexanizm tətbiq edilir. Bu təcrübə ilk olaraq "Vaqner" qrupu tərəfindən istifadə olunsa da, sonradan dövlət tərəfindən də müxtəlif hüquqi dəyişikliklərlə genişləndirilib.
Qeyd edək ki, Vitali Manişinin cəbhəyə göndərilməsi ilə bağlı məlumatlar Rusiya mediasında yayılan iddialara əsaslanır. Müraciətin qəbul edilib-edilmədiyi barədə hələlik rəsmi açıqlama verilməyib.
