Kart limitləri ilə bağlı çoxunun bilmədiyi məqamlar – Deputat izah etdi

Azərbaycanda kartdan-karta ödənişlərə limitlərin tətbiq edilməsi ilə müzakirələr hələ də davam edir. Vətəndaşlar üçün bəzi məsələlər qaranlıq olaraq qalıb.

Detallar nədən ibarətdir?

Referans Media bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat, iqtisadçı Vüqar Bayramov deyib ki, kartdan-karta ödənişlərə limitlərin tətbiq edilməsi ilə yanaşı, müəyyən istisnalar da nəzərdə tutulub:

“İlk növbədə, aylıq limit məbləğinin kifayət qədər yüksək olduğunu qeyd etmək lazımdır. Xüsusilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımız bu limit çərçivəsində kartdan-karta ödənişlər həyata keçirə biləcəklər. Digər tərəfdən, yaxın qohumlar arasında, eləcə də risk qrupuna daxil olmayan vətəndaşlar arasında kartdan-karta ödənişlərlə bağlı hər hansı məhdudiyyətin tətbiq olunması nəzərdə tutulmayıb. Ümumiyyətlə, burada əsas məqsəd həm şəffaflığın artırılması, həm də kartlardan vəsaitlərin oğurlanması hallarının minimuma endirilməsidir. Digər tərəfdən, çox vacib məqamlardan biri də vergidən yayınmanın qarşısının alınmasıdır. Çünki bəzi hallarda qanunla qadağan olunmasına baxmayaraq, sahibkarlar mal və ya xidmət satışı zamanı ödənişləri kartdan-karta köçürmə yolu ilə qəbul edirdilər. Nəticədə həmin ödənişlər vergiyə cəlb olunmur və vergidən yayınma halları yaranırdı”.

vuqar bayramov 900x506 1

Vüqar Bayramov

Konkret olaraq təsir göstərəcəyi dairələrə gəldikdə isə, deputat bildirib ki, bu mexanizm xüsusilə kartdan-karta ödənişlərdən istifadə etməklə mal və xidmətlərini satan sahibkarların əməliyyatlarına təsir göstərə bilər:

“Çünki bəzi sahibkarların müştərilərdən ödənişləri kartdan-karta qəbul etdiyi nəzərə alınarsa, tətbiq ediləcək limitlər onların qəbul etdiyi ödənişlərin həcminə təsir göstərə bilər. Əslində, sahibkarların kartdan-karta ödəniş qəbul etməsi bir sıra hallarda qanunvericiliyə ziddir. Çünki bu, nəticə etibarilə vergidən yayınmaya gətirib çıxara bilər. Sahibkarlıq fəaliyyəti çərçivəsində bütün ödənişlərin bank və kassa vasitəsilə, qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Vətəndaşlarımızla bağlı isə gündəlik və aylıq limitlər mövcuddur”.

V.Bayramov deyib ki, yaxın qohumlar və risk qrupuna daxil olmayan şəxslər arasında ödənişlərə məhdudiyyət tətbiq olunmaması nəzərdə tutulduğuna görə, əksər vətəndaşlarımız kartdan-karta ödənişlərdən əvvəlki qaydada istifadə edə biləcəklər:

Hazırda qeyd olunan rəqəmlərə əsasən, gündəlik limit 5 min manat, aylıq limit isə 150 min manat təşkil edir. Üstəlik, yaxın qohumlara pul göndərilərkən və risk qrupuna daxil olmayan şəxslər arasında kartdan-karta ödənişlər zamanı əlavə məhdudiyyətlərin tətbiq edilməməsi nəzərdə tutulur. Bu baxımdan, istisnaların və güzəştlərin mövcudluğu limitlərin vətəndaşlara təsirini əhəmiyyətli dərəcədə azaldır. Nəzərə alsaq ki, kartdan-karta ödənişlər əsasən yaxın qohumlar və digər adi vətəndaşlar arasında həyata keçirilir, yeni mexanizm çərçivəsində də vətəndaşlarımızın böyük əksəriyyəti kartdan-karta ödənişlərdən istifadəni əvvəlki qaydada davam etdirə biləcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki