"Fənərbaxça"da "Şturm Qrats"la keçirilən UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda zədələnən Ceyden Ostervoldenin vəziyyəti ilə bağlı ilkin məlumat açıqlanıb.
Referans Media xəbər verir ki, sarı-lacivərdlilərin niderlandlı müdafiəçisi qarşılaşmanın 30-cu dəqiqəsində rəqib futbolçunun müdaxiləsi olmadan zədələnərək göz yaşları içində meydanı tərk edib. Onun xərəkdə stadionu tərk etməsi komanda daxilində böyük narahatlıq yaradıb.
"Fənərbaxça" İdarə Heyətinin üzvü Cihan Kamer futbolçunun səhhəti ilə bağlı açıqlama verib. O bildirib ki, Ostervoldenin ən azı 3-4 həftə komandaya kömək edə bilməyəcəyi gözlənilir.
Kamer açıqlamasında deyib: "Ostervoldenin zədəsi ilə bağlı hələ dəqiq məlumat yoxdur. Lakin ən azı 3-4 həftə olmayacağı bildirilir. Sabah daha ətraflı məlumat əldə edəcəyik."
25 yaşlı futbolçunun zədəsinin dəqiq ağırlığı bu gün keçiriləcək MRT müayinəsindən sonra müəyyənləşəcək.
Komandanın tibbi heyəti müayinələrin nəticələrinə əsasən Ostervoldenin müalicə və bərpa proqramını hazırlayacaq.
"Şturm Qrats"la qarşılaşmada heç bir rəqib müdaxiləsi olmadan yerə yıxılan Ostervolde ağrı səbəbindən göz yaşlarını saxlaya bilməyib.
Niderlandlı futbolçunun xərəkdə meydanı tərk etməsi həm komanda yoldaşlarını, həm də "Fənərbaxça" azarkeşlərini məyus edib.
İlkin məlumata görə, Ostervolde bir müddət yaşıl meydanlardan uzaq qalacaq. Onun komandaya nə vaxt dönəcəyi isə MRT nəticələrindən sonra dəqiqləşəcək.
