UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Avstriyanın "Şturm Qrats" klubunu 2:0 hesabı ilə məğlub edən "Fənərbaxça"da qarşılaşmadan sonra bəzi futbolçuların çıxışı müzakirə mövzusuna çevrilib.
Referans Media xəbər verir ki, sarı-lacivərdlilərin qələbəsinə Anderson Taliska və Meyson Qrinvudun qolları kömək etsə də, müdafiəçi Ceyden Ostervolde zədələndikdən sonra meydana daxil olan Arçi Braun azarkeşlərin tənqidlərinə tuş gəlib.
Qarşılaşmanın 28-ci dəqiqəsində Ceyden Ostervolde rəqib futbolçunun müdaxiləsi olmadan zədələnərək yerə yıxılıb. Ağrı və məyusluq yaşayan niderlandlı müdafiəçi göz yaşlarını saxlaya bilməyib və xərəkdə meydanı tərk edib. Onun yerinə oyuna Arçi Braun daxil olub.
Gözlənilən səviyyədə çıxış etmədiyi iddia olunan Arçi Braun matçdan sonra sosial şəbəkələrdə bəzi "Fənərbaxça" azarkeşlərinin tənqidlərinə məruz qalıb.
Azarkeşlərin futbolçu ilə bağlı bəzi rəyləri belə olub:
"Arçi Braun daha təsirli oynamalıdır."
"Bu performansla əsas heyətə layiq deyil."
"Ostervoldenin yoxluğu çox hiss olundu."
"Belə oynayacaqsa, bu komandada forma geyinməməlidir."
"Müdafiədə böyük boşluqlar verdi."
"Özünü tezliklə toparlamalıdır."
"Fənərbaxça" ilə "Şturm Qrats" arasındakı cavab qarşılaşması avqustun 11-də Avstriyanın "Merkur Arena" stadionunda oynanılacaq.
İlk görüşdə 2:0 hesablı üstünlük qazanan İstanbul təmsilçisi Çempionlar Liqasında növbəti mərhələyə yüksəlmək üçün meydana çıxacaq.
