Sosial şəbəkələrdə yayılan “12 avqust 2026-cı ildə Yerin cazibə qüvvəsi 7 saniyəlik yox olacaq” iddiası geniş müzakirələrə səbəb olub. Bununla bağlı ABŞ Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) açıqlama yayaraq bildirib ki, bu iddianın heç bir elmi əsası yoxdur və həqiqəti əks etdirmir.
Referans Media xəbər verir ki, TikTok, Instagram və digər platformalarda paylaşılan videolarda 12 avqust tarixində Yerin cazibə qüvvəsinin 7 saniyə ərzində yox olacağı, insanların havaya qalxacağı və müxtəlif fəlakətlərin baş verəcəyi iddia olunurdu.
Bu paylaşımlardan sonra internet istifadəçiləri “12 avqustda nə baş verəcək?”, “Yer həqiqətən cazibə qüvvəsini itirəcəkmi?” kimi sualların cavabını axtarmağa başlayıblar.
NASA nümayəndəsi faktların yoxlanılması ilə məşğul olan Snopes platformasına bildirib ki, Yerin cazibə qüvvəsinin ani şəkildə yox olacağını göstərən heç bir elmi sübut və ya müşahidə mövcud deyil.
Qurumun açıqlamasında vurğulanıb ki, Yerin cazibə qüvvəsi planetin kütləsi ilə bağlıdır və onun bir neçə saniyəlik belə "dayanması" fiziki baxımdan mümkün deyil.
Fizika mütəxəssislərinin sözlərinə görə, cazibə qüvvəsi açılıb-sönən bir mexanizm deyil. Hətta kosmosda baş verən cazibə dalğaları belə Yer üzərində insanların hiss edə biləcəyi səviyyədə dəyişiklik yaratmır.
Mütəxəssislər bildirirlər ki, 12 avqust 2026-cı ildə baş verəcək tam Günəş tutulması da Yerin cazibə qüvvəsinə qeyri-adi təsir göstərməyəcək.
