image-baki-metro-dernegul-900x567backend

Bakı metrosu niyə iflic oldu? – Problemin pərdəarxası məqamları

Son zamanlar Bakı metrosunda baş verən hadisələr ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Xüsusən son elektrik problemindən sonra sərnişin təhlükəsizliyi, texniki təminat və idarəetmə məsələləri yenidən gündəmə gəlib.

Metrodakı böhrana görə kim məsuliyyət daşıyır?

Referans Media xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli deyib ki, bizdə bu kimi hadisələrə görə rəhbər şəxslərin cəzalandırılması praktikasına az rast gəlinir:

“Məsələn, 2004-cü ildə metronun eskalatorunda qəza baş verdi və nəticədə həyatını itirənlər oldu. Həmin vaxt Tağı Əhmədovun istefa verəcəyi gözlənilirdi. Lakin uzun müddət vəzifəsində qaldı. Təəssüf ki, belə məqamlarda daha aşağı instansiyalarda çalışan bir neçə nəfərə töhmət verilir və ya onlar işdən azad olunur”.

İ.Hüseynlinin fikrincə, baş verən hadisələrdə məsuliyyət yalnız aşağı vəzifəli əməkdaşların üzərinə qoyula bilməz:

“Əlbəttə, bu məsələdə metropoliten üzrə bütün məsul şəxslər cavabdehdir. Burada qəza baş verib və belə halların qarşısını almaq və ya nəticələrini minimuma endirmək üçün alternativ mexanizmlər olmalıdır. Niyə generatorlar yoxdur? Niyə enerji təchizatı kəsildikdə bu qədər uzun müddət bərpa olunmur və insanlar təxliyə edilir? Fövqəladə hallarla bağlı qabaqlayıcı tədbirlər niyə görülməyib? Ən azı, sistem bərpa olunana qədər sərnişinlərin təhlükəsiz şəkildə stansiyalara çıxmasını təmin edən mexanizmlər qurulmalı idi. Bütün bunlara görə məsuliyyət daşıyanlar həm rəhbər şəxslər, həm də texniki məsələlərə cavabdeh olan əməkdaşlardır. Yəni böhranın səbəbləri metropoliten rəhbərliyindən başlayaraq, birbaşa elektrik təchizatına cavabdeh texniki heyətə qədər uzanır”.

Qeyd edək ki, aprelin 21-i təxminən saat 12:10 radələrində Bakı metrosunun “Ulduz-Nərimanov” mənzilinin aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb. Nəticədə saat 15:00-a kimi Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq olunub və bu səbəbdən minlərlə sərnişinin gediş-gəlişinə problem yaranıb.

Bakı Metropoliteni QSC-nin sədri Vüsal Aslanov hadisəyə görə bir neçə şəxsi vəzifəsindən kənarlaşdırıb və bəzilərinə töhmət elan olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki