Gələcəyin peşələri AÇIQLANDI – Kim seçsə, ömür boyu çörəyi olacaq

“PeşəFest” çərçivəsində gələcəyin peşələri sırasında barista, Əşyaların İnterneti (IoT) və UI/UX dizayn və digər istiqamətlər də təqdim olunur. Bu sahələrin bir qismi Azərbaycanda artıq əmək bazarında istifadə olunur. Lakin həmin ixtisaslara yiyələnən şəxslərin iş tapmaq imkanları və bu sahələrdə mütəxəssis tələbatı barədə suallar yaranır. Xüsusilə süni intellektin “Dizaynerlik” kimi bir sıra peşələrə təsir etdiyi dövrdə yeni istiqamətlərin “gələcəyin peşəsi” kimi təqdim olunması onların həqiqətən perspektivli olub-olmadığını gündəmə gətirir.

Azərbaycanda bu peşələrə tələbat hansı səviyyədədir və bu sahədə çalışan şəxslər üçün uzunmüddətli karyera imkanı varmı?

Referans Media xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya fikirlərini bölüşən təhsil eksperti Ramin Nurəliyev bildirir ki, Dövlət Məşğulluq Agentliyi gələcəkdə əmək bazarında hansı sahələrə daha çox ehtiyac yaranacağını müəyyən edir və bu istiqamətdə təkliflər irəli sürür.

Hazırda təklif olunan peşələr arasında gələcəyə hesablanmış bir sıra sahələr var və onlardan biri barista peşəsidir:

“Barista xüsusi qəhvə hazırlayan və qəhvə aparatları ilə işləmək bacarığına malik mütəxəssisdir. Azərbaycan getdikcə inkişaf edir, turizm sahəsi genişlənir. Yaxın gələcəkdə işğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı, həmçinin “Sea Breeze” layihəsində turizmin güclü şəkildə inkişaf etməsi ilə barista mütəxəssislərinə ehtiyacın artacağı ehtimal olunur.

Xarici təcrübədən də görürük ki, turizm və xidmət sahələrində baristalara tələbat yüksəkdir. Bu istiqamətdə ixtisaslaşan şəxslər yaxşı əməkhaqqı da əldə edə bilirlər. Ona görə Azərbaycanda da bu sahəyə ehtiyacın artacağını düşünürəm”.

IoT cihazların internetə qoşulmasını nəzərdə tutur

Ekspert hesab edir ki, hazırda televizor və digər cihazların internetə qoşulması, internet resurslarından istifadə etməsi istiqamətində mütəxəssislərə ehtiyac var:

“Digər mühüm istiqamət isə mobil tətbiq və saytların dizaynının hazırlanmasıdır (UI/UX). Burada söhbət mobil tətbiqlərin, elektron cihazların və saytların dizaynını formalaşdıran mütəxəssislərdən gedir. Bu mütəxəssis həm görünüşü formalaşdırır, həm də istifadə baxımından rahat və diqqət cəlb edən dizayn yaradır. Sayt və ya tətbiqin həm görünüş, həm də istifadə baxımından cəlbedici olması insanların ondan istifadə istəyinə təsir edir. Bu istiqamətlər üzrə mütəxəssislərin hazırlanması ilə bağlı Dövlət Məşğulluq Agentliyi tərəfindən də müxtəlif təlimlər təşkil olunur”.

Qeyd edək ki, “PeşəFest-2026” çərçivəsində əmək bazarında aktual hesab edilən 11 peşə və ixtisas istiqaməti müəyyən edilib.

Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, Əşyaların İnterneti (IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizaynerdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki