Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) və Xüsusi Təyinatlı Qüvvələrinin əfsanəvi zabiti, 1990-cı illərin əvvəllərində Azərbaycan Milli Ordusunun qurulmasında və Qarabağ müharibəsi dövründə xüsusi əməliyyatların təşkilində tarixi rol oynamış Kaşif Kozinoğlu ilə bağlı indiyədək qaranlıq qalmış yeni detallar üzə çıxıb.
Referans Media "Cebheinfo.az"-a istinadən xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatının əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı aparılan istintaq çərçivəsində həmin dövrdə həbsxananın baş mühafizəçisi vəzifəsində çalışan Ömər Vatanın ifadəsi yayılıb.
Vatan istintaq zamanı Kozinoğlunun həbsxanada kamera dəyişməsindən, ölümündən əvvəl baş verən hadisələrdən və digər məqamlarla bağlı danışıb. O, həmin dövrdə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Ömər Vatan bildirib ki, Kozinoğlu həbsxanada olduğu ilk günlərdə qısa müddət ərzində azadlığa çıxacağını düşünürdü.
Onun sözlərinə görə, Kozinoğlu əvvəlcə təknəfərlik kamerada qalmaq istəyib.
Lakin otağı gördükdən sonra “Mən burada qala bilmərəm” deyərək bununla bağlı ərizə yazıb. Bundan sonra Kozinoğlu Həsən Atilla Uğur və Həsən Ataman Yıldırımın qaldığı kameraya keçirilib.
Vatanın sözlərinə görə, Kozinoğlu “Həsən Atilla Uğuru tanıyıram, problem olmaz” dedikdən sonra onun həmin kameraya köçürülməsi həyata keçirilib.
Vatan bildirib ki, kameraya gedərkən Kozinoğlu ona “Mən onsuz da oyuna düşmüşəm, böyük ehtimalla sabah azadlığa çıxaram”, - deyib.
İfadəyə görə, söhbət zamanı Həsən Atilla Uğurdan “Aponu gətirən komandir” kimi bəhs edilib. Bu zaman Kozinoğlu həmin fikrə etiraz edərək “Yox, Aponu biz gətirdik, o, sadəcə sorğusunda iştirak etdi”,- deyib.
Ömər Vatan Həsən Atilla Uğurun ürək xəstəsi olması barədə məlumatlarının olmadığını da bildirib.
Onun sözlərinə görə, Uğurun yalnız sidiyindən qan gəldiyi üçün həkimlə birlikdə onun qaldığı kameraya daxil olublar. Vatan Uğurun xəstəxanaya göndərilməsi üçün vəziyyətini ağır göstərdiyini iddia edib.
Həkimlə kameraya getdikləri günü xatırlayan Vatan həmin anları belə ifadə edib: “Otağa həkim girdi. Biz yuxarı mərtəbədə Kaşif bəylə söhbət etdik. Kozinoğlu mənə Uğur haqqında “Bu da nömrə edir” dedi”.
Vatanın sözlərinə görə, Kaşif Kozinoğlunun öldüyü 12 noyabr 2011-ci ildə özü məzuniyyətdə olub və buna görə də həmin gün həbsxanada olmayıb. Keçmiş başmühafizəçi həmin dövrdə həbsxanaya yoxlamaya gələn FETÖ-çu müfəttişlərin onları da hədəf aldığını bildirib.
Xatırladaq ki, Kaşif Kozinoğlu 1990-cı illərin əvvəllərində, xüsusilə 1992-ci ilin sonları və 1993-cü ilin yanvarından etibarən Azərbaycanda olub. O, Azərbaycan Prezident Qvardiyasının və Qarabağda döyüşəcək könüllü batalyonların hərbçilərinə təlimlər keçib.
Yayılan foto və məlumatlara görə, Kozinoğlu həmin dövrdə hərbi təlimlərə rəhbərlik edib və Əbülfəz Elçibəyin Naxçıvana təxliyəsində, eləcə də Kələki kəndində olduğu müddətdə onun təhlükəsizliyi və peyk rabitəsi ilə təmin olunması prosesində rol oynayıb.
Kozinoğlu illər sonra Türkiyədə “Ergenekon” işi üzrə həbs olunub və 2011-ci ildə cəzaçəkmə müəssisəsində müəmmalı şəkildə vəfat edib. Onun ölümü və fəaliyyəti sonradan “Qurdlar Vadisi” serialı və yenidən açılan istintaqlarla yenidən gündəmə gəlib.
