Gürcüstanın hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası yaxın vaxtlarda parlamentə surroqat analığın qadağan edilməsi ilə bağlı qanun layihəsi təqdim edəcək.
Referans Media TASS-a istinadən xəbər verir ki, bu barədə brifinqdə parlament çoxluğunun lideri İrakli Kirtsxaliya məlumat verib.
"Biz Gürcüstanda surroqat analığı qadağan etmək qərarına gəldik. Bu məsələ ilə bağlı Gürcüstan Patriarxlığı ilə fəal əlaqə saxlayırıq və tezliklə parlamentə müvafiq qanun layihəsi təqdim olunacaq. Qərarın əsas səbəbi surroqat analıqla bağlı ciddi etik və hüquqi risklərdir. Xüsusilə insan alveri, qadınların mümkün istismarı və uşaqların hüquqlarının qorunması ilə bağlı narahatlıqlar var", - deyə Kirtsxaliya parlament çoxluğunun iclasından sonra bildirib.
O əlavə edib ki, qanunvericilik aktı "çox tez bir zamanda" qəbul ediləcək.
Parlamentari vurğulayıb ki, surroqat anaların əldə etdiyi iqtisadi qazanc mövcud riskləri və etik məsələləri üstələyə bilməz.
Kirtsxaliyanın sözlərinə görə, son illər Gürcüstanda surroqat analıq xidməti əsl bazara çevrilib və bu da müəyyən risklər yaradır.
O həmçinin qeyd edib ki, surroqat analıq əksər Avropa ölkələrində qadağan olunub./Musavat.com
