Xərçəng xəstəliyi ilə bağlı YENİ ELMİ KƏŞF

Qlobal tibb ictimaiyyətində böyük əks-səda doğuran yeni elmi kəşf xərçəng xəstəliyinin müalicəsində tamamilə yeni bir səhifə açıb.

ABŞ-nin nüfuzlu Memorial Sloan Kettering Xərçəng Mərkəzinin (MSK) alimləri BRCA2 gen mutasiyasına malik xərçəng hüceyrələrinin sağ qalmasını təmin edən indiyədək naməlum olan DNT təmir mexanizmini aşkar ediblər.

Doktor Saymon Pauellin rəhbərliyi və doktor Helen Qrimslinin aparıcılığı ilə həyata keçirilən tədqiqatın nəticələri nüfuzlu "Molecular Cell" elmi jurnalında dərc olunub. Araşdırma zamanı məlum olub ki, süd vəzi və yumurtalıq xərçənginin əsas genetik səbəblərindən sayılan BRCA2 mutasiyası zamanı hüceyrələrin DNT-sində kiçik boşluqlar yaranır. Normal şəraitdə bu boşluqlar böyüyərək hüceyrənin ölümünə səbəb olmalıdır. Lakin xərçəng hüceyrələri "9-1-1" adlanan xüsusi zülal kompleksindən müdafiə qalxanı kimi istifadə edərək sağ qalmağı bacarırlar.

Alimlər müəyyən ediblər ki, sözügedən zülal kompleksi həm EXO1 fermentinin DNT boşluqlarını böyütməsinin qarşısını alır, həm də həmin zədələri bərpa etmək üçün "POL-zeta" adlı xüsusi fermenti işə salır. Tədqiqatçılar laboratoriya şəraitində bu müdafiə mexanizmini blokladıqda xərçəng hüceyrələrinin DNT zədələri nəzarətdən çıxıb və şiş hüceyrələri kütləvi şəkildə öz-özünü məhv edib.

Mütəxəssislər bildirirlər ki, bu kəşf hazırda standart müalicə üsulu sayılan və zamanla xərçəng hüceyrələrinin müqavimət qazandığı PARP inhibitorlarına güclü alternativ yaradır. Yeni tapılan mexanizmi hədəf alan dərmanların hazırlanması yaxın illərdə ən aqressiv şiş növlərinin belə tam müalicəsində inqilabi dönüş yaradacaq./Musavat.com

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki