backend

Bakıdan Avropa İttifaqına daha bir etiraz

Spiker qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbərinə nələr deyib? Adı və mahiyyəti arasında ciddi fərq olan Sülh Fondu isə…
Milli Məclisin sədri Sahibə Qafarova Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziçlə görüşüb. Spiker Sahibə Qafarova “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik”də Azərbaycan-Ermənistan sülh prosesi baxımından narahatlıq doğuran məqamlara toxunub.

Bu arada isə Macarıstan Avropa Sülh Fondu çərçivəsində Ermənistana 20 milyon avroluq hərbi yardımın ayrılmasına vetonu ləğv edib. Bu barədə “AzadlıqRadiosu”nun Avropa bürosunun redaktoru Rikard Yozviak öz mənbələrinə istinadən xəbər yayıb. Onun sözlərinə görə, qərarın yanvarda elan olunacağı  gözlənilir.

Ötən ilin iyulunda Ermənistan Aİ-dən ilk dəfə 10 milyon avro dəyərində hərbi yardım alıb. Bu pul növbəti iki il yarım ərzində səhra xəstəxanasının yaradılmasına və bir batalyonluq erməni ordusu bölməsi üçün yardımçı obyektlərin yaradılmasına sərf edilməli idi. Bundan əvvəl Brüsselin Avropa Sülh Fondu vasitəsilə hərbi məqsədlər üçün Ermənistana 20 milyon avro ayırması qərarına Budapeşt tərəfindən veto qoyulub. Macarıstan xarici işlər naziri Peter Siyarto 2025-ci ilin mayında İrəvanda keçirilən beynəlxalq konfransda bu məsələyə toxunub. Siyarto bəyan edib ki, Macarıstan Avropa Sülh Fondunun Ermənistana 20 milyon avro ayırmasına qarşı deyil, amma regionda balansı qorumaq üçün Azərbaycana da eyni səviyyədə yardım ayrılmalıdır.

Avropa Sülh Fondu Aİ-nin dinc məqsədlərlə fəaliyyət göstərən təhlükəsizlik və müdafiə təşəbbüsüdür. Lakin son illərdə Ukrayna, Moldova və Ermənistan kimi ölkələrə verdiyi dəstəyin forması bu fondun daha çox geosiyasi və hərbi təzyiq alətinə çevrildiyini sübut edir. Ermənistan bu imkanlardan istifadə edərək, özü üçün hərbi baza formalaşdırmağa çalışır. Əgər bu fond həqiqətən “sülh” məqsədi daşıyırsa, bəs niyə Ermənistan bu vəsaiti yalnız silahlanmaya yönəldir? Bəs sülhə xidmət edən diplomatik institutlar, infrastruktur layihələri, təmas xətləri ətrafında etimad quruculuğu təşəbbüsləri niyə bu fondun gündəmində deyil?

Referans Media  xəbər verir ki , Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Məlumdur ki, Avropa Sülh Fondu 2021-ci ildə yaradılıb və rəsmi olaraq Avropa İttifaqı üzvü olmayan ölkələrdə təhlükəsizlik və müdafiənin gücləndirilməsinə dinc məqsədlərlə xidmət edən təşəbbüs kimi təqdim olunur: “Fondun əsas məqsədi guya ki, regional sabitliyi qorumaq, münaqişə risklərini azaltmaq və Aİ-nin təhlükəsizlik arqumentlərini dəstəkləməkdir. Nəzəri baxımdan, Sülh Fondu sülh və etimad quruculuğu layihələrini maliyyələşdirməli, diplomatiya və sosial infrastruktur təşəbbüslərinə dəstək verməlidir. Lakin son illərdə Ukrayna, Moldova və Ermənistanın fonddan aldığı yardımlar göstərir ki, praktikada bu təşəbbüs daha çox geosiyasi və hərbi təsir alətinə çevrilib.

Ermənistanın fonddan aldığı yardımların əsasən hərbi baza, silahlanma və səhra hospitalı infrastrukturuna yönəlməsi bu tendensiyanı aydın şəkildə ortaya qoyur. Odur ki, Aİ-nin nəzərdə tutduğu “Sülh Fondu” anlayışı, yenə də təkrar edirəm, faktiki olaraq strateji və hərbi təsir vasitəsinə çevrilir. Ermənistanın hərbi ehtiyaclarını gücləndirməsi, sərhəd və münaqişə sonrası vəziyyətlə əlaqədar müdafiə qabiliyyətini artırmaq istəyi fondun mahiyyətinə uyğun gəlmədiyi halda, Aİ öz maraqlarını əsas götürərək bu “dəstəyi” davam etdirir. Nəticədə fond, adının əksinə olaraq, sülh təşəbbüsü deyil, regional təsir mexanizmi kimi çıxış edir”.

Politoloqun sözlərinə görə, bu paradoksal vəziyyətin səbəbləri açıqdır: “Diplomatik, iqtisadi və sosial infrastruktur layihələri fondun gündəmində ikinci plana düşür, çünki Aİ üçün tez və görünən nəticələr yaratmaq hərbi dəstəkdən daha çətindir. Silah, hərbi baza və texniki avadanlıqlar isə həm regional güc balansını sürətlə dəyişir, həm də Ai-yə siyasi təsir imkanı təmin edir. Eyni zamanda fondun idarəçiliyi üzv dövlətlərin strateji maraqlarına bağlıdır və bəzi üzvlər üçün hərbi yönümlü yardımlar diplomatik təşəbbüslərdən daha prioritetdir”.

Y.Bağırzadə sonda qeyd etdi ki, Avropa Sülh Fondu ilə bağlı bu təcrübə Aİ-nin sülh adını daşıyan təşəbbüslərinin praktik olaraq geosiyasi maraqlarla formalaşdığını göstərir: “Fond adətən regionda hansı ölkənin güc balansını dəyişmək istəyirsə, onun xeyrinə hərbi dəstək ayırır. Bu isə fondun adının və mahiyyətinin arasında ciddi fərq yaradır və Aİ-nin sülh strategiyasının mahiyyətini mübahisəli edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki