ABŞ prezidenti Donald Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə qarşı 25 faiz həcmində gömrük rüsumlarının tətbiq olunacağını bəyan edib.
Bəs Trampın bu bəyanatı İranla əməkdaşlıq edən ölkələr tərəfindən necə qarşılana bilər? Bəyanat praktiki tətbiq fazasına keçərsə, İranın cavabı necə olar?
Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, Tramp hələ rəsmi qərar imzalamayıb, sadəcə bəyanat səsləndirib. Bəyanatdakı xəbərdarlığın real praktiki tətbiq olunması üçün addımların atılacağı ehtimalı yüksək deyil:
“Hesab edirəm ki, bu, sadəcə İran hakimiyyətinə təzyiq variantlarından biridir. Şübhəsiz ki, Trampın bu cür bəyanatı İranla ticarət, iqtisadi əlaqələri olan ölkələr tərəfindən xoş qarşılanmayacaq. İranın qonşuluğunda olan Azərbaycan tərəfindən də həmçinin. Azərbaycanın İranla ticarət əlaqələri üçüncü ölkələrə, o cümlədən ABŞ-yə qarşı deyil. İranla ticarət, iqtisadi əlaqələri olan bir sıra dövlətlər, o cümlədən Azərbaycan ABŞ ilə də siyasi, iqtisadi əlaqələrə malikdir. ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri istiqamətində prosesin getdiyi bir vaxtda Amerikanın İranla ticarət əlaqələrinə görə Azərbaycana da 25 faiz gömrük rüsumu tətbiq etməsi ABŞ-Azərbaycan münasibətlərinə ziyan vurar”.
Ekspertin sözlərinə əsasən, İran onsuz da çoxsaylı sanksiyalar altındadır:
“Növbəti bir sanksiya ölkənin iqtisadiyyatına mənfi təsirini göstərə bilər. İran isə qarşılığında Hörmüz boğazı ilə bağlı sərt qərarlar qəbul edə bilər”.
Siyasi şərhçi Aqil Məmmədov isə bildirib ki, bu, ABŞ prezidenti tərəfindən olduqca sərt bir bəyanat və qlobal ticarət sisteminə ultimatumdur:
“Bu, faktiki olaraq digər ölkələrə kimlə çay içə, kimlə içə bilməyəcəklərini, kimə salam verib-verməyəcəklərini diktə etməkdir. Əgər ABŞ həqiqətən bu siyasəti həyata keçirərsə, o zaman rəsmi Tehran üzərində iqtisadi təzyiq kəskinləşəcək. Bu, reanimasiyada olan ağır xəstəni süni nəfəs aparatından ayırmağa bərabərdir”.
Ekspertin proqnozuna görə, İran ABŞ-nin bu siyasətinə Hörmüz boğazını bağlamaqla cavab verə bilər:
“Belə olan halda neft qiymətləri ilə yanaşı, logistika marşrutları da darmadağın olacaq”.






















