İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin böyük oğlu, sürgündə yaşayan Rza Pəhləvi ölkədə davam edən kütləvi etirazlarla bağlı növbəti müraciətini yayımlayıb. O bildirib ki, İran İslam Respublikasının dayaqları ciddi şəkildə sarsılıb və azadlıq artıq yaxındır.
Referans Media xəbər verir ki, Pəhləvi çıxışında etirazların yeni mərhələsinin başladığını elan edərək, rejimə məxsus qurum və təsisatları “legitim hədəf” adlandırıb. Onun sözlərinə görə, rejimin təbliğat və kommunikasiya imkanları sıradan çıxarılmalıdır. Təhlükəsizlik qüvvələrinə müraciət edən Pəhləvi onları xalqın tərəfində olmağa çağırıb. “Xamanei və rejimi ağır zərbələr alıb. Onlara yenidən toparlanmaq imkanı verməməliyik,” – deyə o vurğulayıb.
Rza Pəhləvi həmçinin beynəlxalq dəstəyin yaxın zamanda İran xalqına çatacağını bildirərək, “Yalnız deyilik. İranı geri alacağıq və ölkənin hər yerində azadlıq bayramı keçiriləcək” ifadələrini işlədib.
İran daxilində və xaricində yaşayan iranlıları mübarizəni davam etdirməyə çağıran Pəhləvi, növbəti müraciətlərinin də olacağını açıqlayıb.























