backend

Bakıdan Paşinyanın son bəyanatına REAKSİYA: “Məgər bilmir?!”

Ölkənin Konstitusiyasının bütün qanun və müqavilələrdən üstün olduğunu məgər Paşinyan bilmir? Təbii ki, bilir.

Milli Məclisin deputatı Aydın Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, Nikol Paşinyanın Hamburqda sülh sazişi və Ermənistan konstitusiyasında dəyişiklik məsələləri ilə bağlı səsləndirdiyi bəyanat seçki öncəsi Ermənistan cəmiyyətinə hesabalanmış və müxalifətin ona hücum etmək üçün ən çox istifadə etdiyi kartı neytrallaşdırmaq məqsədi güdən bəyanat olsa da eyni zamanda faktiki olaraq Konstitusiya dəyişikliyinin sülh sazişindən sonraya saxlanması mövqeyinin açıq bəyan edilməsidir.

“Deyir ki, müqavilə imzalamaq o deməkdir ki, Ermənistan istəsə də Azərbaycana qarşı ərazi iddiası sürə bilməz. Konstitusiyanın Preambula hissəsindəki Azərbaycana qarşı ərazi iddiası qaldığı halda Paşinyandan sonrakı hakimiyyətlərdən hər hansı biri “ölkənin konstitusiyasından irəli gələn tələbi yerinə yetirməliyik” deyib Azərbaycacana qarşı ərazi iddialarını irəli sürə və iddialarını həyata keçirmək adı ilə müharibə də başlaya bilər. Hesab edirəm ki, Nikol Paşinyanın ortaya qoyduöu bu mövqe sülh müqaviləsinin imzalanmasını ləngidən bir mövqedir. Fikrimcə Paşinyan gələn ilin iyununda keçiriləcək seçkilərə qədər sülh müqaviləsini imzalamaq istəmir. Sülh müqaviləsinin imzalanmasını seçkidən sonraya saxlamağa çalışır” – deputat qeyd edib.

Qeyd edək ki, Nikol Paşinyan Hamburqda jurnalistlərə açıqlamasında “Biz Azərbaycanla heç vaxt və heç zaman konstitusiyamızın məsələsini müzakirə etməmişik və müzakirə etmirik, çünki bunu bizim daxili məsələmiz hesab edirik” bəyanatını verib. Eyni zamanda Paşinyan deyib: “Sadə sual verirəm. Deyirəm ki, başa düşmək istəyirəm: Azərbaycan istəyir ki, bizim konstitusiyamızda territorial iddialar olsun, yoxsa doğrudanmı düşünür ki, konstitusiyamızda belə iddialar var? Əgər səmimi şəkildə hesab edirsə ki, burada problem var, bu problemi həll etməyin ən qısa yolu sülh sazişini imzalamaqdır. Niyə? Çünki sülh sazişi imzalanan kimi biz öz qanunvericiliyimizə uyğun olaraq məcburuq, borcluyuq və bu sənədi Konstitusiya Məhkəməsinə göndərməyə ki, həmin sazişin Ermənistan konstitusiyasına uyğunluğunu yoxlasın.

İki variant mövcuddur: Ya Konstitusiya Məhkəməsi qərar verir ki, saziş Ermənistan konstitusiyasına uyğundur. Bu halda sənədi parlamentə göndərib ratifikasiya etməyə heç bir maneə qalmır. Saziş parlamentdə ratifikasiya olunandan sonra konstitusiyanın beşinci maddəsinin, səhv etmirəmsə, üçüncü hissəsinə əsasən ratifikasiya olunmuş beynəlxalq müqavilələr daxili qanunvericiliklə ziddiyyət təşkil edərsə, beynəlxalq müqavilə daha yüksək hüquqi qüvvəyə malik olur. Saziş daha yüksək hüquqi qüvvə aldığı andan Ermənistan istəsə də artıq Azərbaycana qarşı territorial iddialar irəli sürə bilməz. Niyə? Çünki artıq açıq sənəd olan həmin sazişin birinci maddəsində yazılıb ki, SSRİ respublikalarının inzibati sərhədlərinin dövlət sərhədlərinə çevrilməsi faktından çıxış edərək tərəflər bir-birinin ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini tanıyır. İkinci maddədə deyilir ki, bu əsasla tərəflər bir-birinə qarşı territorial iddialar irəli sürmür və gələcəkdə də irəli sürməməyi öhdələrinə götürürlər. Bir başqa maddədə isə qeyd edilir ki, tərəflər öz daxili qanunvericiliklərinə istinad edib bu sazişin icrasının pozulmasını əsaslandıra bilməzlər. Beləliklə, bu saziş ratifikasiya ediləndən sonra Ermənistan istəsə də Azərbaycana qarşı territorial iddialar qoya bilməz, bu, birinci variantdır.

İkinci variant belədir: Konstitusiya Məhkəməsi qərara alır ki, saziş konstitusiyaya uyğun gəlmir. Mən əvvəllər də demişəm ki, belə olarsa, konstitusiya dəyişiklikləri təşəbbüsünü özüm qaldıracağam, çünki hesab edirəm ki, əldə olunmuş sülh o qədər dəyərli bir şeydir ki, onu qorumaq üçün bu addıma getməyə dəyər. Amma mənim bu gün Ermənistan cəmiyyətinə “Bilirsiniz nə var, gəlin konstitusiyanı dəyişək” deməyə legitimliyim yoxdur.

Niyə? Çünki Ermənistan xalqı mənə deyəcək ki, 2024-cü ilin sentyabrında Konstitusiya Məhkəməsi qərar çıxarıb ki, sülh sazişinin də giriş hissəsində qeyd olunan Alma-Ata Bəyannaməsi bizim konstitusiyaya uyğundur. O zaman nə üçün konstitusiyanı dəyişək? Elə çıxar ki, biz sadəcə kaprizə görə konstitusiyanı dəyişirik. Bəs ikinci kapriz ortaya çıxsa? Sonra üçüncü? Dördüncü? Biz nə edəcəyik?”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki