DÖVLƏT MƏKTƏBLƏRİ İLƏ BAĞLI VACİB QƏRAR: Nazirlər Kabineti təsdiqlədi

Azərbaycanda dövlət məktəblərində şagirdbaşına maliyyələşmə modelinin tətbiqi təhsil müəssisələrinin maliyyə təminatının yaxşılaşdırılması, ayrılan vəsaitlərin səmərəli istifadəsi və tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından müzakirə olunur. Bu model çərçivəsində hər şagird üçün müəyyən edilən vəsaitin təhsil pillələrinə uyğun əmsallarla hesablanması nəzərdə tutulur. Modelin məktəblər arasında rəqabətə və təhsil imkanlarına necə təsir göstərəcəyi isə diqqət çəkən məsələlərdəndir.

Referans Media-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, şagirdbaşına maliyyələşmə modelinin tətbiqi nəzərdə tutulur. Onun sözlərinə görə, ilkin mərhələdə pilot layihə çərçivəsində 100 məktəbdə bu prosesin ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılıb.

Ekspert qeyd edib ki, maliyyələşmə zamanı hər bir təhsil pilləsi üzrə müvafiq əmsallar tətbiq olunur. Məsələn, ibtidai təhsil pilləsində əmsal 1, orta təhsil pilləsində 1,25, yuxarı təhsil pilləsində isə 1,70 olaraq müəyyənləşdirilir. Bu fərqlər tədris proqramlarının həcmi, tədris yükü və digər amillərlə əlaqədardır.

Elçin Əfəndinin sözlərinə görə, müəyyən edilən məbləğə məktəbin təmiri, tikintisi, ətraf mühitin abadlaşdırılması və digər xərclər də daxildir. Ayrılan vəsaitin həcmi şagirdlərin sayına uyğun müəyyənləşdirilir və hesablamalarda müxtəlif amillər nəzərə alınır.

Ekspert bildirib ki, hazırkı mərhələdə əsas məqsəd təhsilin maliyyələşdirilməsi zamanı israfçılığın qarşısını almaq, vəsaitlərin səmərəli istifadəsini təmin etmək, daha keyfiyyətli tədris mühitinin formalaşmasına və rəqabətin yaranmasına şərait yaratmaqdır.

Onun fikrincə, bu model məktəblər arasında rəqabəti gücləndirə bilər. Belə ki, məktəblər daha keyfiyyətli təhsil təqdim etmək üçün rəqabət aparmağa məcbur olacaqlar. Peşəkar müəllimlərin çalışdığı və yaxşı təhsil imkanları təqdim edən məktəblərin daha çox şagird cəlb etməsi sağlam rəqabətin formalaşmasına gətirib çıxara bilər.

Elçin Əfəndi əlavə edib ki, ayrılan vəsaitlər məktəblərin təmiri, yenidən qurulması və infrastrukturun yaxşılaşdırılması kimi məqsədlərə də yönəldilə bilər.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki