Belçika Baş nazir müavini və xarici işlər naziri Maksim Prevot, Türkiyə ilə Avropa Birliyi arasında mövcud olan Gömrük İttifaqının yenilənməsinin vaxtının çatdığını bildirib.
Referans Media xəbər verir ki, Prevot bu fikirləri Ankarada keçirilən Belçika–Türkiyə İqtisadi Forumunda səsləndirib. O qeyd edib ki, hazırkı Gömrük İttifaqı 30 il əvvəlki iqtisadi şərtlərə əsaslanır və müasir ticarət reallıqlarını tam əks etdirmir.
“2026-cı ildə işgüzar mühiti 30 il əvvəl hazırlanmış bir çərçivə ilə davam etdirmək mümkün deyil”, – deyə nazir bildirib. Onun sözlərinə görə, qlobal iqtisadiyyat ciddi şəkildə dəyişib və mövcud sistem artıq yenilənməlidir.
Prevot əlavə edib ki, hazırkı razılaşma əsasən sənaye məhsullarını əhatə edir, lakin xidmətlər və kənd təsərrüfatı sektorları bu çərçivədən kənarda qalır. Bu sahələrin də daxil edilməsi həm Türkiyə, həm də Avropa İttifaqı üçün daha geniş iqtisadi imkanlar yarada bilər.
Nazir Belçikanın Türkiyəni strateji iqtisadi tərəfdaş kimi gördüyünü vurğulayıb və iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.
Məlumata görə, Belçika ilə Türkiyə arasında ticarət dövriyyəsi 2025-ci ildə təxminən 12 milyard avro təşkil edib. Tərəflər bu göstəricinin gələcəkdə iki dəfə artırılmasını hədəfləyir.
