ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - “Luna” adlı pişiyinin cizgilərini görməyə başlayıb.
Referans Media xəbər verir ki, Dartmut Kolleci ilə Briqem və Qadın Xəstəxanasının tədqiqatçıları bu nadir hadisəni elmi şəkildə araşdırıblar.
Araşdırmanın nəticələri nüfuzlu "Cortex" elmi jurnalında dərc olunub.
Karl adlı xəstədə bu hal iki ildir davam edir. O, beyin qanamasına səbəb ola biləcək damar patologiyasını (arteriovenoz malformasiya) aradan qaldırmaq üçün əməliyyat olunduqdan sonra bu simptomları yaşamağa başlayıb. Əməliyyat zamanı üz tanıma prosesinə cavabdeh olan beynin sağ gicgah payının bir hissəsi çıxarılıb.
Mütəxəssislər bildirirlər ki, bir neçə saat davam edən bu epizodlar zamanı pişiyin üz cizgiləri insan sifətinə süni şəkildə əlavə olunmuş kimi deyil, baxış bucağı və məsafə dəyişdikcə təbii şəkildə üzə inteqrasiya olunmuş halda görünür. Tibb elmində üz qavrayışının bu cür təhrif olunması prosopometamorfopsiya və palinopsiya (əvvəl görülmüş obyektin və ya üzün yenidən görünməsi) kimi tanınır.
Dartmut Kollecinin beyin alimi və psixoloqu Bred Düşeyn xəstənin zehnində yaranan təsvirləri dəqiq anlamaq üçün süni intellekt alətlərindən istifadə edib. Karlın təsvirləri əsasında süni intellekt vasitəsilə hazırlanan vizual görüntülər bu nadir xəstəliyin diaqnostikası və araşdırılması baxımından mühüm addım hesab olunur.
Tədqiqatda qeyd olunur ki, elm tarixində buna bənzər hadisə 1986-cı ildə də baş verib. Həmin vaxt beyin insultu keçirmiş 58 yaşlı qadın avtobusda sərnişinlərdən birinin itinə baxdıqdan sonra ətrafdakı bütün insanları it başlı görməyə başlamışdı. Alimlər vurğulayırlar ki, heyvan cizgilərinin əşyalarda deyil, məhz insan üzlərində görünməsi beynin insan sifətini digər vizual məlumatlardan tamamilə fərqli mexanizmlə emal etdiyini sübut edir./“Qafqazinfo”/
