“Siti” Haalandın yerinə Osimheni transfer edir? - 75 milyonluq iddia

İngiltərənin “Mançester Siti” klubu mövsümün sonunda Erlinq Haalandın komandadan ayrılacağı ehtimalına qarşı yeni hücumçu axtarışına başlayıb. Namizədlər arasında Türkiyənin “Qalatasaray” klubunun nigeriyalı ulduzu Viktor Osimhen də yer alıb.

Referans Media  xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Məlumata görə, “Mançester Siti” rəhbərliyi Haalandın gələcəyi ilə bağlı mümkün ayrılıq planlarından xəbərdardır. Norveçli futbolçunun hazırkı layihədən narazı olduğu, komandada baş verən kadr dəyişikliklərinin də onun qərarına təsir göstərə biləcəyi bildirilir.

Haalandın ayrılacağı təqdirdə PSJ, “Liverpul”, “Barselona” və “Real Madrid” klublarının onun xidmətində maraqlı olduğu qeyd edilir.

“The Athletic”in məlumatına əsasən, İngiltərə təmsilçisi norveçli hücumçunun yerinə üç futbolçunu nəzərdən keçirir. Namizədlər arasında “Brentford”un braziliyalı forvardı İqor Tiaqo, “Bornmut”un hücumçusu Evanilson və “Qalatasaray”ın ulduzu Viktor Osimhen var.

İqor Tiaqo oyun üslubu və fiziki göstəricilərinə görə Haalanda bənzədilir. Evanilson isə cari mövsümdəki çıxışı ilə İngiltərə klubunun diqqətini çəkib.

“Mançester Siti”nin maraq göstərdiyi futbolçulardan biri olan Viktor Osimhenin transfer dəyərinin təxminən 75 milyon avro ola biləcəyi bildirilir. İngiltərə klubunun Haalandın satışından təxminən 175 milyon avro gəlir əldə etməyi gözlədiyi iddia olunur. Bu məbləğin yeni hücumçunun transferinə yönəldilməsi mümkündür.

Bununla belə, “Mançester Siti”nin transfer planlarının klubla bağlı davam edən araşdırmanın nəticəsindən asılı olduğu vurğulanır. İngiltərə təmsilçisinin Avropa yarışlarından kənarlaşdırılması və ya Premyer Liqadan aşağı liqaya göndərilməsi ehtimalları ilə bağlı qərar verilmədən transfer məsələsində konkret addımların atılması gözlənilmir./Publika.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki