BŞ xəbərdarlıq etdi - Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı

Moskvada “Tsaritsıno” muzey-qoruğunun ərazisində terror aktı törədəcəyi ilə bağlı sosial şəbəkələrdə hədələr yayan yetkinlik yaşına çatmayan Rusiya vətəndaşı saxlanılıb.

Referans Media xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

FTX-in bildirdiyinə görə, yeniyetmə ABŞ tərəfinin mümkün terror aktı ilə bağlı təqdim etdiyi məlumat əsasında aparılan yoxlama zamanı müəyyən edilib. O, “TikTok”da taktiki geyimdə, balaklava və eynəkdə, avtomata bənzər əşya ilə çəkilmiş fotolarını, həmçinin “Tsaritsıno” ərazisində çəkdiyi şəkilləri paylaşıb.
 

Saxlanılan şəxsin mənzilində müvafiq geyim və aksesuarlar, hədələrin yayıldığı hesabın olduğu mobil telefon aşkarlanıb. FTX onun messencerlərdə neonasist kanallara abunə olduğunu, terror aktları və kütləvi qətllərlə bağlı məlumatlar axtardığını bildirib.


Qeyd edək ki, oktyabrın 31-də ABŞ-ın Moskvadakı səfirliyi “Tsaritsıno” ərazisində insan tələfatına səbəb ola biləcək təhlükə barədə xəbərdarlıq etmiş, ABŞ vətəndaşlarını həmin ərazidən və insanların sıx toplaşdığı yerlərdən uzaq durmağa çağırmışdı. Təhlükə ilə əlaqədar muzey-qoruqda planlaşdırılan kütləvi tədbirlər ləğv edilmiş, mühafizə tədbirləri gücləndirilmişdi.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki