Azərbaycanda bəzi ərazilərdə qəbirstanlıqlar yaşayış yerlərinə çox yaxın, 2-3 metrlik ərazidə yerləşir. Bir çox hallarda vətəndaşlar bundan narahat olduqlarını bildirirlər.
Bəs demək olar ki, bütün ərazilərdə yerləşən qəbiristanlıqlar hansı əsaslarla qurulmalıdır?
Bu məsələyə həm hüquqi, həm də dini baxımdan yanaşdıq.
Hüquqşünas Ramil Süleymanov Referans-a açıqlamasında bu sualları cavablandırıb.
“Qəbiristanlıqların salınması haqqında Nazirlər Kabinetinin 2018-ci il tarixli qaydaları mövcuddur və həmin qaydalarda birmənalı şəkildə göstərilmişdir ki, qəbiristanlıqlar mütlə şəkildə dövlət reysterinə daxil olunur və həmin dövlət reysterinə daxil olunan qəbiristanlıqlar, bələdiyyələr, o cümlədən, icra hakimiyyəti orqanları tərəfindən idarəçiliyə verilir. Eyni zamanda bələdiyyələrin statusu haqqında və digər qanunvericilik aktlarına görə, qəbiristanlıqların salınması ilə bağlı özlərinin yaradılmış komissiyası haqqında rəy verilir ki, həmin qəbiristanlığın ərazi hüdudları necə müəyyən olunur və hansı əraziləri əhatə edir. Həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində də qeyd olunur ki, hər hansı bir yaşayış ərazisi üzrə müfəssəl plan yaradıldığı halda mütləq şəkildə qəbiristanlıqlar və bu qəbildən olan yerlər üçün torpaq sahələrinin ayrılması nəzərdə tutulur. Bu da həmin müfəssəl planın içinə daxil olmalıdır”.
Əlavə olaraq qeyd edək ki, Nazirlər Kabinetinin qəbul etdiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”-nın 8-ci bəndinə əsasən, qəbiristanlıqlar üçün torpaq sahələri yaşayış məntəqələrinin ətrafındakı ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində ayrılacaq torpaq sahələri ilə yaşayış və ictimai binalar, kənd təsərrüfatı təyinatlı və qida məhsullarının istehsalı müəssisələrinin obyektlər arasında ən azı 300 metrlik sanitariya mühafizə zonası nəzərdə tutulmaq şərtilə ayrılır. İstisna olaraq, bağlı elan olunmuş qəbiristanlıqda son dəfn tarixindən 25 il keçdikdən sonra, onunla yaşayış məntəqəsi arasındakı məsafə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi əsasında 100 metrədək azaldıla bilər. Eyni zamanda kənd yaşayış məntəqələrində yerləşən qəbiristanlıqdan yaşayış və ictimai binalar, kənd təsərrüfatı təyinatlı və qida məhsullarının istehsalı müəssisələrinə qədər olan məsafənin qrunt sularının səviyyəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi əsasında 100 metrədək azaldılmasına yol verilir.
İlahiyyatçı Ağa Hacıbəyli isə bu məsələni İslam dininin qaydaları ilə izah edib.
“İslam dininin bütün örnək və nümunələri Qurani-Kərim və peyğəmbərimizin (s.ə.s) həyatına uyğun olaraq şəkilləndirilir. Qəbiristanlıqlarla da bağlı məsələni biz bu perspektivdən dəyərləndirməliyik. Məlumunuz olsun ki, Allah Rəsulunun Mədinədə qurduğu cəmiyyəti inkişaf etdirərkən digər tərəfdən də vəfat etmiş insanlara “Bəqi qəbiristanlığı” adlanan xüsusi bir yer ayırmışdır. Bu qəbiristanlıq nə insanların yaşayış yerlərindən çox-çox uzaqda deyildi, nə də insanlarla iç-içə deyildi. “Bəqi qəbiristanlığı” elə bir yerdə qurulmuşdu ki, insanlar gün ərzində qəbiristanlıqları, məqbərələri görür, axirətə gedəcəklərini xatırlayırdı. Yaşayan bir cəmiyyətlə vəfat edən toplum arasında xüsusi körpülər qurulmuşdu. Bu elementləri biz 21-ci əsrdə qoruyub saxlaya bilmirik. Bəzən şəhərlərmə prosesi çox sürətlə aparılır və bunun nəticəsində qəbiristanlıqların sahələri işğal olunur. Bəzən isə qəbirlər ayaqaltı yerlərə qədər gəlib çıxır və bu da hörmətsizlik hesab olunur. Buna görə, hazırda da qəbiristanlıqları bu cür yanaşılmalıdır”.
İlahiyyatçı qeyd edib ki, qəbiristanlıqlarla bağlı xüsusi konsepsiyalar hazırlanmalı və bu konsepsiyalara əməl olunması üçün nəzarət olunmalıdır.
“Bu konsepsiyalar elə hazırlanmalıdır ki, insanlarla vəfat edən topluluq arasında sözügedən körpülər də düzgün qurulsun və insanlar axirəti daim yada salsınlar. Biz axirəti xatırladan bu ərazilərləri nə qədər yad etsək, bizim qəlbimizdəki iman, irfan, bizim şüurumuz, düşüncəmiz daha müvafiq olacaq. Yalnız bu halda biz dünyəviləşmək əvəzinə üxrəviləşərik. Bu da mədəniyyət sahəsində daha önəmlidir”.
Fidan Vəlisoy
