Argentinada fəaliyyət göstərən bir fermada tətbiq olunan yeni sistem süd istehsalında diqqətçəkən nəticə verib. Ənənəvi otlaq üsulundan imtina edən fermerlər xüsusi yemləmə sistemi ilə bir inəkdən gündə 43 litr süd əldə edirlər.
Referans Media xəbər verir ki, bu nəticə Argentinanın Kordoba əyalətində yaşayan Monzoni ailəsinin təsərrüfatında qeydə alınıb. Ailə ənənəvi otlaq sisteminin gözlənilən gəliri təmin etmədiyini gördükdən sonra heyvanları geniş ərazilərdə otarmaq əvəzinə açıq sahələrdə, yemliklərin olduğu xüsusi bölmələrdə saxlamağa başlayıb.
Hazırda ailənin 800 hektarlıq iki təsərrüfatında təxminən 620 baş süd verən inək var. İnəklər gün ərzində üç dəfə sağılır. Təsərrüfat üzrə bir sağmal inəkdən orta hesabla 38 litr süd əldə edilir. Ən yüksək məhsuldarlıq dövründə isə bu göstərici 42-43 litrə çatır.
Sistemin əsas xüsusiyyəti ondan ibarətdir ki, heyvanlar yem axtarmaq üçün uzun məsafə qət etmir. Yem və su birbaşa onların saxlanıldığı yerdə verilir. Bununla da inəklərin hərəkətə sərf etdiyi enerji süd istehsalına yönəldilir.
Fermerlər heyvanların qidalanmasına və rahatlığına da xüsusi diqqət yetirirlər. Rasionda yonca, qarğıdalı silosu, qarğıdalı, soya mənşəli protein əlavələri, vitamin və minerallardan istifadə olunur. Heyvanların suya və yemə rahat çıxışı təmin edilir, günəşdən qorunmaları üçün xüsusi kölgəliklər yaradılır.
Monzoni ailəsi süd istehsalını artırmaq üçün yalnız yemləmə sistemini dəyişməyib. Onlar eyni zamanda genetik seçimə də üstünlük verirlər. Daha az yemlə yüksək süd verən, uzun müddət məhsuldarlığını qoruyan və sağlamlıq baxımından daha əlverişli heyvanlar seçilir./Metbuat.az/
