Türkiyədə sosial şəbəkələrdə dəbdəbəli həyatını, bahalı məclislərini və nümayişkaranə görüntülərini paylaşan şəxslər hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşə bilər.
Referans Media xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akın Gürlek cinayət yolu ilə əldə edilən gəlirlərin mənbəyinin gizlədilməsi ilə bağlı sərt xəbərdarlıq edib.
Nazir bildirib ki, dəbdəbəli həyat, təmtəraqlı toylar və buna bənzər nümayişkaranə səhnələr vasitəsilə cinayət gəlirlərinin mənbəyini gizlətməyə yönəlmiş fəaliyyətlər məhkəmə və istintaq orqanları tərəfindən diqqətlə araşdırılacaq.
Akın Gürlek sosial şəbəkələrdə yaradılan məşhurluğun da heç kimi məsuliyyətdən qoruya bilməyəcəyini vurğulayıb:
“Sosial mediada yaradılan virtual şöhrət cinayətin və cinayət gəlirlərinin gizlədilməsinə pərdə ola bilməz”.
Açıqlama son vaxtlar dəbdəbəli görüntülərlə gündəmə gələn şəxslərə qarşı aparılan əməliyyatlar fonunda diqqət çəkib. “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalan həbs edilib, oxşar görüntülərlə gündəmə gələn Əli Heydər Kurum isə saxlanılıb./Musavat.com/
