Türkiyənin Antalya şəhəri və ətrafında güclü meşə yanğınları davam edir. Güclü tüstü və yanıq qoxusu səbəbindən bəzi turistlər kurortu tərk etməyə başlayıb.
Referans Media xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Antalya ətrafında yanğının söndürülməsi üçün genişmiqyaslı əməliyyat aparılsa da, alovun yayılması davam edir. Şəhərdə tüstü və yanıq qoxusunun hiss olunduğu bildirilir. Bəzi turistlər yaxınlıqdakı digər yaşayış məntəqələrinə köçməyə qərar verib.
Türkiyə mediasının məlumatına görə, yanğınla əlaqədar yerli sakinlərin və heyvanların təxliyəsinə də başlanılıb.
Antalya Beynəlxalq Hava Limanı isə hazırda fəaliyyətini normal rejimdə davam etdirir. Hava limanı reysləri qəbul edir və yola salır. Lakin küləyin istiqamətinin dəyişməsi vəziyyətə təsir göstərə bilər.
Yanğın sentyabrın 7-si axşam saatlarında Antalyanın Aksu rayonunun Karaöz ərazisində başlayıb. Güclü külək alovun sürətlə yayılmasına səbəb olub. Yanğın ocağı Kundu və Lara kurort bölgələrindən təxminən 15–20 kilometr məsafədə yerləşir.
Yanğının söndürülməsinə 7 təyyarə, 13 helikopter, 32 yanğınsöndürən maşın, 7 buldozer və 62 su çəni cəlb olunub. Ümumilikdə 232 nəfər yanğının nəticələrinin aradan qaldırılması və ərazidə aparılan işlərdə iştirak edir. Güclü külək xilasedicilərin işini çətinləşdirir.
Yanğının söndürülməsi zamanı bir neçə meşə təsərrüfatı əməkdaşı tüstüdən zəhərlənib. Onlara tibbi yardım göstərilib.
