Evli cütlük məktub yazıb, sirli şəkildə yoxa çıxdı

Polşada ər-arvadın müəmmalı şəkildə yoxa çıxması dörd gün ərzində böyük axtarış əməliyyatına səbəb olub. Hadisəni daha da narahatedici edən isə cütlüyün yoxa çıxmazdan əvvəl sosial şəbəkələrdə vida mesajları paylaşması olub.

Referans Media xarici mediaya istinadən xəbər verir ki, hadisə Polşanın Varmiya-Mazuriya voyevodalığının Rıbno qminasında baş verib.

Dorota P. və Yatsek P. sosial şəbəkələrdə paylaşdıqları mesajlarda bəzi yerli sakinləri və polis əməkdaşlarından birini onları evlərindən, yaşayış vasitələrindən və əmlaklarından məhrum etməkdə ittiham ediblər.

Qadın paylaşdığı məktubda onların guya böhtan və əsassız ittihamlar səbəbindən çıxılmaz vəziyyətə düşdüklərini yazıb və həyatlarına son qoymaq qərarına gəldiklərini bildirib.

Onun həyat yoldaşı da dostları ilə vidalaşaraq bundan sonra bir daha görüşməyəcəklərini qeyd edib.

Paylaşımlardan sonra hüquq-mühafizə orqanları dərhal genişmiqyaslı axtarışlara başlayıblar. Polis mümkün faciənin qarşısını almaq üçün bütün zəruri qüvvələri əməliyyata cəlb edib.

4 gün sonra tapıldılar

Dörd gün davam edən axtarışlardan sonra hadisə gözlənilməz sonluqla bitib.

Dzialdovo polisinin mətbuat katibi Yustina Novitskanın sözlərinə görə, itkin düşmüş ər-arvad qonşu Dombrovno qminasının ərazisində aşkarlanıb.

Məlum olub ki, hər iki şəxs sağdır və səhhətlərində hər hansı problem yoxdur.

Polis hazırda cütlüyün niyə belə addım atdığını, sosial şəbəkələrdə narahatedici vida mesajlarının hansı şəraitdə yazıldığını və məktublarda səsləndirilən ittihamların əsaslarını araşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki