Türkiyənin nüvə texnologiyaları sahəsində mühüm elmi obyektlərindən biri olan TR-2 tədqiqat reaktorunun istismarına lisenziya verilib.
Referans Media xəbər verir ki, Türkiyənin Nüvə Tənzimləmə Qurumu İstanbulda, Türkiyə Enerji, Nüvə və Mədən Tədqiqatları Qurumunun (TENMAK) kampusunda yerləşən TR-2 elmi-tədqiqat reaktoru ilə bağlı müvafiq qərar qəbul edib.
6 avqust 2026-cı il tarixli qərara əsasən, TENMAK-a istilik gücü 5 MVt olan TR-2 reaktorunun istismara verilməsi mərhələsi çərçivəsində müvafiq fəaliyyətləri həyata keçirməyə icazə verilib.
TR-2 elektrik enerjisi istehsalı üçün nəzərdə tutulmuş nüvə reaktoru deyil. O, elmi-tədqiqat məqsədilə fəaliyyət göstərir.
Reaktor nüvə texnologiyaları sahəsində elmi araşdırmaların aparılması, radioizotopların istehsalı, müxtəlif materialların şüalandırılması və digər nüvə tədqiqatlarının həyata keçirilməsi üçün istifadə olunur.
Belə tədqiqat reaktorları nüvə elmi və texnologiyalarının inkişafı ilə yanaşı, tibb və sənayedə istifadə edilən radioizotopların əldə olunması, yeni materialların sınaqdan keçirilməsi və mütəxəssislərin hazırlanması baxımından da əhəmiyyət daşıyır./Musavat.com
