backend

“Bu yolla Azərbaycana qarşı hiylə qurulmuşdu” Dəmiryolu üzrə ekspert

“Azərbaycana korrupsiya sxemi təklif olunurdu”.

Referans Media Gürcü mediasına istinadən xəbər verir ki, Peşəkar Dəmiryolçular Klubunun qurucusu Davit Goçava BPN-ə Bakı–Tbilisi arasında son günlər baş verən hadisələri belə şərh edib.

Azərbaycanı nə qəzəbləndirdi ki, təklif edilən tariflər həqiqətən qeyri-real idimi və indi Gürcüstan neftin bir dəfəlik pulsuz daşınması üçün addım atdıqdan sonra bu ticarət münasibətlərinin inkişaf perspektivi nə ola bilər sualını şərh edən Davit Qoçava qeyd edib:

“Gürcüstan Dəmir Yolu öz tarif siyasətini elan edib, amma orada rəsmi göstərilən rəqəmlər real deyil. Biz dostlarla bunu yoxlamaq üçün bir eksperiment apardıq: tanımadığımız bir şəxs Gürcüstan Dəmir Yoluna gedib Batumi limanından Ermənistana neft daşınmasını istəyib. Bu, təxminən 5 il əvvəl olub. Daşımaya başlamaq istəyəndə bizə dedilər ki, mütləq vasitəçi şirkətə müraciət etməliyik. Həmin vasitəçiyə getməyə məcbur qalırıq və o şirkət Gürcüstan Dəmir Yolunun rəsmi tarifindən 4–5 dəfə baha qiymət qoyur. Bu, ekspeditor şirkətdir və yük göndəricisi ilə alıcısı arasındakı münasibətləri tənzimləyir. Sənədləşmə edir, amma əsasən daşımaya görə real olmayan ödəniş tələb edir. Belə ticarət münasibətində ümumiyyətlə vasitəçiyə ehtiyac yoxdur, xüsusən də qiymət bu qədər fərqləndikdə. Bizə açıq şəkildə deyirdilər ki, konkret məbləği ödəməsəniz, yükü daşımaq olmaz. Hətta Ermənistanda yükün kimə çatacağını da özləri müəyyənləşdirirdilər — alıcı bizə tanış deyilsə, daşımayacaqlarını bildirirdilər. Dövlət şirkəti olan Gürcüstan Dəmir Yolu ilə birbaşa əlaqə qurmağa imkan vermirlər. Məncə, Azərbaycana da eyni şey təklif olunub”.

Belə miqyaslı danışıqlarda ölkənin birinci şəxsləri olmadan qərar qəbul edilməsinin mümkün olub-olmadığı sualına isə dəmiryolu üzrə ekspert deyib ki, məsələ bu istiqamətdə kompetent hesab edilən şəxslərə tapşırılmış ola bilər.

“Bu mövzu konkret insanlara tapşırılıb. Birinci şəxslərin məsələdən xəbərdar olub-olmadığını dəqiq deyə bilmərəm, amma bir şeyi deyə bilərəm: məsələ aktuallaşanda baş nazir məlumatı iqtisadiyyat nazirinə ötürərdi, nazir isə soruşardı ki, neft daşımalarına kim rəhbərlik edir və ona illərdir bu sxem üzrə çalışan şəxslərin adları deyilərdi. Bu sxem isə o deməkdir ki, Gürcüstan Dəmir Yolu ilə yük göndəricisi arasında tarif siyasətində nəzərdə tutulan birbaşa əlaqə qurmurlar. Daşımalar tarif siyasətində göstərilən rəsmi qiymətlə həyata keçirilmir, qiyməti vasitəçi şirkət müəyyən edir. Azərbaycanla danışıqlar da bu inersiya ilə aparılıb. Axı bu yeni məsələdir, əvvəllər Azərbaycanla bu barədə danışıqlar olmayıb.

Onlar Azərbaycana elə yanaşdılar ki, sanki Qara dəniz limanlarında hansısa özəl sahibkara yanaşırlar. Bu sxemi Azərbaycan tərəfinə sırımağa çalışdılar, amma Bakı buna razı olmayacaqdı. Bu, mümkün deyil, Bakı güzəşt etməyəcək və məsələni tarif siyasətində göstərilən real rəqəmlərə gətirəcək. Tarif siyasətində isə qiymətlər tam rəqabətədavamlıdır. Biz məcbur olacağıq rəsmi tariflərlə daşımaya icazə verək. Onlara korrupsiya sxemi təklif olunur və Azərbaycan belə sxemə getməyəcək. Üstəlik, illərlə sənə hörmət etmişəm, müttəfiqin olmuşam və indi yeni biznes imkanı yarananda sən özünə düşməyən qədər pul qazanmaq istəyirsən. Özəl şirkətləri sıxışdırmaq daha asan idi, amma indi bu sxem dövlətə qarşı çıxır. Bakı illər ərzində Orta Dəhlizin əsas oyunçularından birinə çevrilib və Gürcüstanla münasibəti aydınlaşdırmadan bunu buraxmayacaq. Həm də bu məsələni normallaşdırmaq və real rəqəmlərə gətirmək üçün çoxlu alətləri var”.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Azərbaycan mediası ölkənin Ermənistan istiqamətində neft və neft məhsullarının ixracını həyata keçirməyi planlaşdırdığı barədə xəbər yaydı. Həmin məlumatlara görə, iki ölkə arasında yeganə tranzit yolu Gürcüstandır və Gürcüstan bu daşımalar üçün standartdan 40 dəfə yüksək tarif təklif edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki