"Bir İsrail anasının göz yaşına qarşı min Livan anası ağlamalıdır" – Şok hədə-qorxu

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir rəsmi Vaşinqtonun regionda atəşkəs və sülh çağırışlarına rəğmən, Livanın tamamilə məhv edilməsi tələbi ilə çıxış edib.

Referans Media xəbər verir ki, ultramillətçi nazir özünün rəsmi sosial şəbəkə hesabında paylaşdığı bəyanatda rəsmi Təl-Əvivin hərbi əməliyyatlarda heç bir təmkin nümayiş etdirməməli olduğunu vurğulayıb. Ben-Qvir paylaşımında ABŞ-a açıq ismarış yollayaraq bildirib: "Amerikalılara bütün hörmətimizlə yanaşsaq da, İsrail bütün dünyaya nümayiş etdirməlidir ki, övladlarımızın qanı və vətəndaşlarımızın təhlükəsizliyi unudulmayacaq. Bütün Livan yanmalıdır! Bizim ən ali vəzifəmiz İsrail vətəndaşlarını və ordusunun əsgərlərini qorumaqdır, bu vəzifə hər şeydən üstündür. Mən Baş nazir Benyamin Netanyahu ilə şəxsi görüşlərimizdə də demişəm: bir İsrail anasının hər bir göz yaşına qarşı min Livan anası göz yaşı tökməlidir. Pimpl-ponq oynamaq bəsdir. Yaxın Şərqdə ölçülüb-biçilmiş cavablarla və təmkinlə qələbə qazanmaq olmaz – qətiyyətlə hərəkət etmək, məhv etmək və terroru boğmaq lazımdır".

Qeyd edək ki, Ben-Qvirin bu açıqlaması ABŞ və İran arasında Hörmüz boğazında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan və Livanda da daimi sülhü hədəfləyən sazişin imzalanmasından dərhal sonraya təsadüf edir. İsrail hökumətindəki radikal qanadın təmsilçisi olan nazirin bu bəyanatı rəsmi Təl-Əvivin Livanın cənubunda öz hərbi mövcudluğunu saxlamaq üçün Vaşinqtonla "inadkar" danışıqlar apardığı və bölgəyə hava zərbələrini davam etdirdiyi bir vaxtda beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub. Beynəlxalq müşahidəçilər Ben-Qvirin bu çağırışlarını ABŞ-ın regionda gərginliyi azaltmaq səylərinə və Livanın ərazi bütövlüyü zəmanətlərinə qarşı açıq meydan oxumaq kimi qiymətləndirirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki