Mütəxəssislər xəbərdarlıq edirlər ki, çayın özü deyil, həddindən artıq isti temperaturda içilməsi sağlamlıq üçün ciddi risk yarada bilər.
Referans Media xəbər verir ki, elmi araşdırmalara əsasən, 65–70°C-dən yuxarı temperaturda içilən çay və digər isti içkilər uzunmüddətli dövrdə qida borusunun zədələnməsinə və qida borusu xərçəngi riskinin artmasına səbəb ola bilər.
Risk çayın özündə deyil, temperaturundadır
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) bildirir ki, 65°C-dən yuxarı temperaturda qəbul edilən içkilər qida borusunun selikli qişasını təkrar-təkrar zədələyə bilər. Bu zədələnmələr uzun illər davam etdikdə xərçəng riskinin artmasına səbəb ola bilər.
Çox isti çay təhlükə yarada bilər
British Medical Journal (BMJ) jurnalında dərc olunan araşdırmada bildirilib ki, müntəzəm olaraq 70°C və daha isti çay içən insanlarda qida borusu xərçəngi riski əhəmiyyətli dərəcədə yüksələ bilər. Alimlər hesab edirlər ki, əsas problem çayın tərkibi deyil, yüksək temperaturun qida borusuna davamlı istilik zədəsi vurmasıdır.
Çayı necə içmək tövsiyə olunur?
Mütəxəssislər çayın faydalı antioksidant xüsusiyyətlərindən yararlanmaq üçün onu dəmləndikdən sonra təxminən 5 dəqiqə soyumağa qoymağı və dodaqları yandırmayacaq temperaturda içməyi tövsiyə edirlər. Bu, həm ağız boşluğunun, həm də qida borusunun həddindən artıq istiliyə məruz qalmasının qarşısını almağa kömək edir.
Musavat.com
