“İqtisadiyyat”ın 2400 illik sirri açılır – at, torpaq və qoyun

Bu gün dünyanın ən mühüm anlayışlarından biri olan “iqtisadiyyat” termininin tarixi təxminən 2400 il əvvələ gedib çıxır.

Referans Media xəbər verir ki, “iqtisadiyyat” termini eramızdan əvvəl IV əsrdə meydana çıxıb. Məlum olan məlumatlara əsasən, bu sözü ilk dəfə afinalı filosof, sərkərdə və yazıçı Ksenofont əsərlərindən birinin adında işlədib.

Ksenofont həmçinin tarixdə makroiqtisadiyyat mövzusunda ilk əsərlərdən birinin – Afinanı böhrandan çıxarmaq planının müəllifi hesab olunur.

Ksenofont üçün iqtisadiyyat evin və mülkün idarə edilməsi sənəti idi. Varlı afinalının evi dedikdə isə təkcə yaşayış binası deyil, həm də kənd təsərrüfatı işlərinin aparıldığı torpaq sahəsi və bütövlükdə təsərrüfat nəzərdə tutulurdu. Müasir terminlərlə bunu ev təsərrüfatının idarə edilməsi, aktivlərin idarə olunması və ya əməliyyat menecmenti anlayışlarına yaxın hesab etmək olar.

Ksenofontun yazdığına görə, Sokrat insanın sahib olduğu hər şeyi əmlak hesab etmirdi. Onun yanaşmasına əsasən, yalnız insana fayda gətirən şey əmlak sayıla bilərdi.

Məsələn, insan at alıb, lakin ondan istifadə etməyi bacarmırsa, həmin at onun üçün faydasızdır. Əgər torpağı becərmək insana zərər gətirirsə, torpaq da onun üçün faydasız sayılır. Qoyun saxlamaq zərərlə nəticələnirsə, qoyunlar da sahibinə fayda vermir.

Beləliklə, təxminən 2400 il əvvəl formalaşan “iqtisadiyyat” anlayışının təməlində sahib olunan resurslardan düzgün və faydalı istifadə etmək prinsipi dayanırdı./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki