Range Rover-in Çinli “qatili” gəlir – 1705 km gedəcək, qiyməti təəccübləndirdi

Xiaomi Auto yeni güclü elektrik-hibrid yolsuzluq avtomobilləri SkyNomad seriyasının ilkin sifarişlərinə başlayıb.

Referans Media xəbər verir ki, flaqman yeddi yerlik SkyNomad N90 Max 299 900 yuan (təxminən 44,4 min dollar), beş yerlik SkyNomad N70 Max isə 259 900 yuan (təxminən 38,4 min dollar) qiymətləndirilib.

Yeni modellərin satışına sentyabr ayında başlanacaq. Daha sonra baza və Pro komplektasiyalarında daha münasib qiymətli versiyaların da təqdim olunması planlaşdırılır.

Hər iki model yeni Kunlun arxitekturası üzərində hazırlanıb və batareyanı enerji ilə təmin edən 1,5 litrlik daxiliyanma mühərrikinə malik ardıcıl hibrid sistemlə təchiz edilib.

SkyNomad N90-ın uzunluğu 5285 mm, təkər bazası isə 3080 mm-dir. Yeddi yerlik avtomobil transformasiya olunan geniş salona malikdir. Baqajın həcmi oturacaqların vəziyyətindən asılı olaraq 577 litrdən 1831 litrədək dəyişir.

N90 Max iki elektromotorla təchiz olunub və onların ümumi gücü 422 at gücünə çatır. Avtomobildə 76 kVt·saat tutumlu batareya quraşdırılıb. Model yalnız elektrik enerjisi ilə CLTC standartına əsasən 464 kilometr məsafə qət edə bilir. Tam yanacaq çəni ilə birlikdə ümumi yürüş ehtiyatı isə 1705 kilometrə çatır.

Avtomobil 0-dan 100 km/saata 5,9 saniyəyə sürətlənir, maksimal sürəti isə 190 km/saatdır. Batareya boşaldıqda yanacaq sərfiyyatı hər 100 kilometrə 6,26 litr təşkil edir.

Sürətli enerji doldurma sistemi batareyanı 20 faizdən 80 faizə 18 dəqiqəyə doldurmağa imkan verir. Cəmi 15 dəqiqəlik enerji doldurma ilə 285 kilometrlik əlavə yürüş ehtiyatı əldə etmək mümkündür.

Ölçüləri, gücü, 1705 kilometrlik ümumi yürüş ehtiyatı və 38,4 min dollardan başlayan qiyməti ilə Xiaomi-nin yeni yolsuzluq avtomobilləri premium SUV seqmentində Range Rover kimi modellərə rəqib kimi təqdim olunur./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki