Azərbaycanın cənub bölgəsində ev quşlarının, xüsusilə də toyuqların kütləvi şəkildə tələf olması ilə bağlı narahatedici məlumatlar yayılır. Lənkəran və Cəlilabad rayonlarının bir sıra kəndlərindən daxil olan məlumatlara görə, son günlər fərdi təsərrüfatlarda quşlar naməlum səbəbdən qısa müddət ərzində ölür.
Yerli sakinlərin sözlərinə görə, xəstəlik əvvəlcə quşların halsızlaşması, yemdən kəsilməsi və hərəkətsiz qalması ilə başlayır. Bir neçə saat və ya bir neçə gün ərzində isə toyuqlar tələf olur.
Ən narahatedici məqamlardan biri odur ki, bir təsərrüfatda xəstəlik aşkarlandıqdan sonra çox qısa müddətdə bütün quşlar məhv olur.
Sakinlər bildirirlər ki, müxtəlif dərman preparatlarından və dezinfeksiya tədbirlərindən istifadə etsələr də, bu, xəstəliyin qarşısını almağa kömək etmir. Nəticədə kənd təsərrüfatı ilə məşğul olan ailələr ciddi maddi zərərlə üzləşirlər.
Referans Media bildirir ki, Musavat.com-a daxil olan məlumatlara əsasən, analoji hallar yalnız Lənkəranda deyil, Cəlilabadın da bir sıra kəndlərində müşahidə olunur. Son günlər sosial şəbəkələrdə kənd sakinləri tərəfindən “bütün toyuqlarımız qırıldı”, “heç bir dərman təsir etmir, hər gün bir neçə quş ölür” məzmunlu çoxsaylı paylaşımlar edilib. Bununla belə, həmin məlumatların rəsmi şəkildə təsdiqi hələlik yoxdur.
Mütəxəssislər bildirirlər ki, belə əlamətlər müxtəlif yoluxucu xəstəliklər zamanı müşahidə oluna bilər. Bunlara yüksək patogen quş qripi, Nyukasl xəstəliyi, pasterellyoz, infeksion laringotraxeit və digər virus və bakterial infeksiyalar daxildir. Dəqiq diaqnoz yalnız laborator müayinələrdən sonra qoyula bilər. Baytarlıq mütəxəssislərinin fikrincə, quşlarda kütləvi tələfat müşahidə edildiyi halda ölən quşlar satılmamalı və istehlak edilməməlidir. Təsərrüfatdan digər quşların çıxarılması dayandırılmalı, quşların saxlanıldığı yerlər dezinfeksiya edilməlidir.
Qeyd edək ki, Azərbaycan son illərdə köçəri quşların miqrasiyası dövründə bir neçə dəfə yüksək patogen quş qripi riski ilə bağlı monitorinqlər aparıb. Bu səbəbdən ev quşlarında baş verən kütləvi tələfat halları həmişə xüsusi nəzarətdə saxlanılır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti baytarlıq qurumları tərəfindən Lənkəran və Cəlilabad rayonlarında baş verən hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
